“Vakant yerlərin çoxluğu rayonlarda yeni idarələrin yaranması ilə bağlıdır”
Murtuzəli Hacıyev: "Hər bir rayonda KTN-nin yeni idarəsi yaranıb”
Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı vakant yerlərin siyahısını açıqlayıb. Siyahıda ən çox vakant yerin Kənd Təsərrüfatı Nazirliyinə (KTN) məxsus olduğu bəlli olub. Belə ki, siyahıya görə sözügedən nazirliyin 550 mütəxəssisə ehtiyacı var.
Maraqlıdır, KTN-də bu qədər vakant yerin olması nə ilə bağlıdır?
Aztəhsil.com moderator.az-a istinadən xəbər verir ki, KTN-nin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev vakant yerlərin çoxluğunu rayonlarda yeni kənd təsərrüfatı idarələrinin yaranması ilə izah etdi:
"Bu, rayonlarda kənd təsərrüfatı idarələrinin yaranması ilə bağlıdır. Hər bir rayonda bizim kənd təsərrüfatı idarəsi yaranıb. Bu isə dövlət qulluğudur. Buna görə də bu yerlər dövlət qulluğu komissiyasına verilir. Mütəxəssislər dövlət qulluğu ilə bağlı imtahandan keçəndən sonra işə qəbul edilir”.