Azərbaycanda fəaliyyət göstərən liseylər qəbul şərtləri ilə fərqlənirlər. Əksər liseylərə qəbul imtahanında isə məntiq xüsusi fənn kimi salınıb. Məntiqin orta məktəblərdə tədris olunmaması liseylərə qəbul imtahanında şagirdlərə çətinlik yaradır. Bu çətinliyi aradan qaldırmaq üçün isə onlar repititor yanına üz tuturlar. Bir məktəbdə tədris olunmayan fənnin digər orta müəssisəsinin qəbul imtahanına salınması böyük təzad yaradır.
Bəs məntiqin orta məktəblərdə tədris olunması necə nəticələnə bilər? Ümumiyyətlə orta məktəb şagirdinin məntiqi təfəkkürü onun tədrisinə hazırdır?
Mövzu ilə bağlı AzEdu.az-a danışan məntiq müəllimi Ravil Rzayev məntiqin elm olmadığını, onun ağıl, zəka ilə bağlı olduğunu bildirib:
"Məntiq fənn, elm deyil. O, düşüncənin varlığını, mühakimə qabiliyyətinin mövcudluğunu göstərən amildir. Dədə-babadan belə deyim var: "Ağlı olsaydı, belə etməzdi”. Müasir dövrdə isə bu deyim bir qədər modifikasiyaya uğrayıb: "ancaq məntiqsiz adam belə edər”, "çox məntiqsiz addımdır” və s. Deməli məntiq çox hallarda ağıla müvafiq tutulur. Bəli, məntiq ağılın göstəricisidir. Orta məktəblərdə ağıl öyrədilmədiyi kimi məntiqin də tədris olunması absurddur. Məntiq insanın həyata baxış tərzindən, yaşamından, oxuduğu kitablar, izlədiyi filmlər və öz zəkasının ortaya qoyduğu nəticələrdən təşkil olunmalıdır”.
O, liseylərə qəbul imtahanındakı sualların şagirdin məntiqini deyil, vərdişini yoxladığını deyib:
"İndi isə məsələyə başqa aspektdən yanaşaq. Məntiq ağıl və zəka ilə bağlıdırsa, ağıl və zəkanı testlə yoxlamaq nə dərəcədə düzgündür? Bəyəm bu testləri düzgün cavablandırmayanların ağlı yoxdur? Yoxsa onlar zəkasızdır? Və ya məntiq testini yüksək nailiyyətlə verən şagirdlər həqiqətənmi çox zəkalıdırlar? Təəssüf ki, cəmiyyətimizdə təhsil işçilərinin bəziləri təhsildən xəbərsiz adamlardırlar. İmtahanda məntiq adı altında riyazi oyunları və yaddaş xarakterli misalları təqdim edirlər. Bu, bir növ şagirdlərin məntiqini yox, vərdişini yoxlamaq deməkdir. Bu halda repetitor yanında vərdiş qazanan şagird daha yüksək, bununla məşğul olmayan şagird isə zəif nəticələr göstərməyə məhkum olacaq”.
Bu tip məntiq imtahanlarının riyazi vərdişləri bərabər olmayan şagirdlərə qarşı haqsızlıq olduğunu deyən müəllim yeni imtahan modelinin hazırlmanmasını təklif edib:
"Əgər biz həqiqətən şagirdlərimizin məntiqini aşkara çıxarmaq istəyiriksə, o zaman dəvə və balığı suda üzmə idman növü ilə sınağa çəkə bilmərik. Hər ikisi üçün uyğun imtahanlar təşkil olunmalıdır. Düşüncə tərzi riyazi mühakimələrə əsaslanan, riyazi mühakimə qabiliyyəti güclü olan tələbəyə 50 məsələ təqdim edildikdə o, əksəriyyətini cavablandıraraq yüksək nəticə əldə edir. Lakin eyni imtahanda riyazi mühakiməsi nisbətən zəif olan beyinlər aciz qalır. Amma bu heç də həmin beyinlərin həyatda başqa fəaliyyətlərdə geri qalmalarının isbatı deyil. Hamını nəzərə alaraq yeni imtahan modeli işlənib hazırlanmalıdır”.
O, şagirdlərdə məntiqi təfəkkürün çox aşağı olduğunu, bunu aradan qaldırmağın isə heç bir yolu olmadığını bildirib:
"Əzbər, mexaniki yaddaşa əsaslanmayan, heç bir ixtisas fənninə aid olmayan, məhz zəkanı göstərməyə hesablanan suallardan istifadə olunmalıdır. Mən riyazi mühakimə tələb edən sualların istifadə olunmasına qarşı deyiləm. Sadəcə riyazi mühakimə adı altında ixtisas suallarının verilməsi tam yanlışdır. Orta məktəb şagirdlərinin məntiqi təfəkkürü çox aşağı, təsəvvür edilməz dərəcədə zəifdir. Orta statistik məktəblinin demək olar ki, məntiqi yoxdur. Bu öncə valideynlərdən, mentalitetdən, məktəblərdən gələn irsdir. Onların məntiqi təfəkkürünü heç cür yüksəltmək olmaz. Bunun yolu yoxdur. Bu haqda 30 kitab da yazılsa da heç bir faydası olmayacaq. Düşüncə, ideologiya dəyişməlidir”.
7-ci sinif şagirdi Əli İbrahimov isə hazırlığa getmədiyi üçün məntiq testlərini işləməkdə çətinlik çəkdiyini bildirib:
"Kimya-Biologiya təmayülü liseyə hazırlaşıram. Azərbaycan dili, Riyaziyyat və Məntiqdən imtahan verməliyəm. Hazırlığa getmirəm. Məntiqdən 11-15 sualı düz cavablayıram. Çox çətindir. İmtahanda məntiq testlərini işləmək üçün vaxt gedir. Çünki hazırlığa getməyən çox fikirləşməli olur. Uşaqların çoxu məntiqdən hazırlığa gedir. Müəllim onlara imtahana düşəcək məsələlərin həll üsullarını öyrədir”.