“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA
Əgər kimsə fikirləşirsə ki, Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə din tədris olunacaq, bu, mümkün deyil. Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq.
Aztəhsil.com xəbər verir ki, Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” konfransında çıxışında deyib.
Bunun səbəbini açıqlayan G.İsmayılov bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olduğundan, orta məktəblərdə din tədris oluna bilməz:
"Lakin dinlə bağlı bilikləri özündə ehtiva edən fənn tədris olunmalıdır və olunur. Orta məktəblərdə şəriət tədris oluna bilməz. Ancaq dinlə bağlı bilikləri verən fənn tədris oluna bilər ki, bununla bağlı "Həyat bilgisi” adlanan dərslik var. Məsələ burasındadır ki, "Həyat bilgisi "dərsliyinin içərisindəki mövzuları yetərli hesab etmirik”.
Komitə rəsmisi hesab edir ki, orada dinlə bağlı mövzuları dərinləşdirmək lazımdır.
Onun sözlərinə görə, bütün dinlər, xüsusilə də islamla bağlı şagirdlərə dini məlumatların verilməsi artırılmalıdır:
"Əgər biz şagirdlərə həmin məlumatları verməyəcəyiksə, o, mütləq kənarda bu məlumatları alacaq. Bu məlumatlar isə bizim dinimizə, marağımıza uyğun olmayacaq. Bu nöqteyi-nəzərdən gənclərin beyni, ürəyi üzərindən savaş gedir. Bizim bu savaşı qazanmağımız, gənclərimizin zərərli təriqətlərə qoşulmaması üçün orta məktəblərdə dinlə bağlı məlumatları verən fənnin tədrisi vacibdir. Fənnin adının nə olmasından asılı olmayaraq, orta məktəblərdə bütün dinlərlə, xüsusilə də islamla bağlı məlumatların verilməsi gücləndirilməlidir”.