AzTehsil.com


Xəbərlər
14 aprel 2017
3 347


"Təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır"



"Təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır"

 

"Əgər dini əxlaqla birləşdirməsən, onda din şəfqət diləməyə çevrilir.” İ. Kant
 
"Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Sovetski”də iki məscidlə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib: "Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”. Suyu bulandıranlar varsa, bu, yaxşı hal deyil. Mötəbər məscidlər varsa, bu, yaxşı haldır. Ancaq məscidlər nə qədər mötəbər olsa belə, onların təbliğatına yol verilməməlidir.
 
Bizdə mötəbər məscidlərlə yanaşı mötəbər orta məktəblər də inşa olunub. Mötəbər kitabxana da var: Axundov kitabxanası. İndi gəlin görək, bu mötəbərliyin əhatə dairəsi nə qədərdir? Sumqayıt və Gəncə kimi iri şəhərlərdə demək olar ki, kitabxana yoxdur. 6 və 23 saylı məktəblərə bənzər məktəb tapmaq olar? Mötəbər məscidlə yanaşı, Qaraçuxurda da məscid fəaliyyət göstərir. Sırf qaramatdır. Bu məscidin ətrafında 10-a yaxın məktəb və uşaq bağçası var. Uşaqlar bu məscidin yanından keçəndə ürkürlər. Mübariz Qurbanlı və onun ətrafı bu barədə hələlik heç nə demir.
 
Böyük Kant yazır: "Həm uşaqlara, həm də özümüzə diqqətli olmalıyıq ki, Allahın adından tez-tez sui-istifadə olunmasın. Əgər onun adını hətta xeyirxah məqsədlə səadət arzulayanda işlədirlərsə, bunun özü də, düzünə qalsa, sui-istifadədir. Allah haqqında anlam hər dəfə onun adı çəkiləndə insanın qəlbini ehtiram hissi ilə doldurmalıdır. İnsan onun adını nadir hallarda çəkməlidir, özü də heç zaman düşüncəsiz şəkildə dilə gətirməməlidir. Uşaq Allaha, birincisi, həyatın və bütün dünyanın sahibi, ikincisi, insanları yaradan ilahi qüvvə, nəhayət üçüncüsü, hakimi-mütləq kimi ehtiram hiss etməlidir”.
 
Bu fikirlər uşaqlara təlqin olunmalıdır. Biz gündəlik həyatda uşaqların yeri gəldi-gəlmədi Allahın adından sui-istifadə etmələrinə rast gəlirik. Onlara bunu etməmək istiqamətində işlər aparılmır. Əgər məktəb bunu bacara bilsə, uşaqları dinlə bağlı irrasionallıqdan xilas edə bilər. Çox
təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır.
 
Bu gün məscidlərin sayının artırıb azaltmaq gündəmdə olmamalıdır. Əsas məsələ uşaqların dini tərbiyəsini düzgün qurmaq lazımdır. Hələ özlərini tanımayan cavanlara ilahiyyatı öyrətmək olarmı? Yenə də Kanta müraciət edirəm: "Yalnız ilahiyyata əsaslanan din heç bir əxlaqı ehtiva edə bilməz. Belə bir din bir tərəfdən qorxu, digər tərəfdən isə inkarçılığı təlqin edə bilər ki, bu isə yalnız mövhumi itaətkarlıq doğurur. Beləliklə mənəviyyat əvvəl gəlməlidir, ilahiyyat onu izləməlidir. Din elə bunun özüdür”. Gündəlik həyatda çox vaxt bunun əksi ilə rastlaşırıq. Bizdə çox yaxşı örnəklər var.
 
Onlardan birini misal çəkim: Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, akademik Mir Əsədulla Mirqasımovun atası Mir Ələsgər mədrəsədə ərəb, fars dillərindən və ilahiyyatdan dərs deyib. O istəyirdi ki, oğlu dini savad alsın, şeyxülislamlıq mərtəbəsinədək yüksəlsin. Bu səbəbdən oğlunun rus gimnaziyasında oxumasına razılıq vermirdi. Bunları yaxşı başa düşən 13 yaşlı Mirəsədulla atasından xəlvət gimnaziyaya gedib. Tezliklə rus dilində danışmağı, yazmağı da öyrənib. Orada dərs deyən alman pastorunun köməyi ilə gimnaziyaya daxil olub. Bu qərarının ailəsi, qohumları tərəfindən kəskin etirazla qarşılanacağını, atasının bəlkə ən sərt tədbirlərə əl atacağını anlayıb, ancaq fikrindən dönməyib.
 
O, evdən gimnazist geyimində çıxa bilməzdi. Ona görə də bir dükançı ilə danışıb. Dükançı ona bir az pul verib. Hər gün mədrəsədən çıxanda dükanda gimnazist paltarını geyinib, furajkasını başına qoyub gimnaziyaya gedib. Qayıdanda yenə dükana baş çəkib, paltarını dəyişib. Bir müddət belə davam edib. Ancaq bir gün sirrin üstü açılıb. Onu təsadüfən küçədə gimnazist geyimində görən əmisi bu xəbəri Mirələsgər ağaya yetirib. Gələcəyinə ümidlə baxdığı, böyük din xadimi olacağına inandığı oğlunun bu hərəkəti ata üçün zərbə olub. «Mənim bundan sonra Mirəsədulla adlı oğlum yoxdur, o, kafirdir» deyib. Rus gimnaziyasında oxumaqla onun prinsiplərinə qarşı çıxan oğlunu cəzalandırıb, onu evdən qovub. Həkim olmaq arzusu ilə Rusiyaya yollanan Mirəsədulla 1908-ci ildə Odessada Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub”.
 
Akademik Mirqasımovun iradəsi indiki uşaqlara örnək olmalıdır. O, xarakteri və mənəviyyatı ilə tibb elminin ən yüksək zirvəsini fəth etmişdir. Sekulyar cəmiyyət üçün ən yaxşı təsisat məktəbdir. Məscidlər isə məktəbdən xeyli aralı olmalıdır."
 
Etibar Əliyev, təhsil eksperti
moderator.az



Загрузка...