Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA
Son vaxtlar məktəblilərlə bağlı cinayət hadisələrinin baş verməsi, xüsusilə bu ilin may ayında Bakı məktəblərinin birində 17 yaşlı şagirdin bıçaqlanması təhsil ocaqlarının necə mühafizə olunması məsələsini gündəmə gətirib.
Bəs görəsən Sumqayıt məktəblərində vəziyyət necədir? Bu kimi halların baş verməsinin qarşısının alınması üçün hansı tədbirlər görülür?
Aztəhsil.com xəbərlə.com-a istinadən suallarımıza cavab tapmaq üçün Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Nizami Namazov ilə əlaqə saxladıq.
N.Namazov bildirdi ki, Sumqayıt məktəblərində bu kimi halların baş verməsindən söhbət belə gedə bilməz:
"Bizim məktəblərdə nəinki cinayət hadisəsi, şagirdlərin bir-birilərini döyməsi halları belə baş vermir. Çünki bu kimi halların baş verməməsi üçün istər direktorlara, istərsə də müəllimlərə tapşırılıb ki, şagirdlərə ciddi nəzarət olunsun. Bütün məktəblərdə kameralar quraşdırılıb. Ötən il, təhsil müdiri olduğum zaman 24 saylı məktəbdə şagirdlər dalaşmışdılar. Mənim də iştirakım ilə ədliyyə orqanlarına müraciət olundu və barışıq əldə edildi. Hazırda isə ümumiyyətlə bu kimi hadisələin baş verməsindən söhbət belə gedə bilməz. Məktəblərdə xüsusi mühafizə xidmətinin təşkil olunmasına gəldikdə isə, qanunda belə bir şey nəzərdə tutulmayıb”.
Hüquqşünas Ramil Süleymanov isə bildirdi ki, məktəblərin mühafizəsi üçün məsuliyyət direktorların üzərinə qoyulub :
"Məktəblər isə bunu qapıçı xanımlarla tənzimləyir. Əslində isə bu, heç də doğru deyil. Bununla bağlı Təhsil Nazirliyi daxili işlər orqanlarının baş mühafizə idarələri ilə xüsusi müqavilələr bağlamalı və cüzi maaşlar əsasında işləyən qapıçılar öz işlərini həmin polislərə təhvil verməlidirlər. Düzdür, hazırda ölkəmizdə sabitlik şəraiti hökm sürür, yəni hansısa təxribat halları və ya bu kimi digər hadisələr baş vermir. Amma hər ehtimala qarşı məktəblərdə mühafizə ya yuxarıda dediyim kimi, ya da ki, özəl mühafizə xidmətləri ilə razılaşdırılaraq təşkil olunmalıdır”.
Araşdırmalarımıza əsasən məlum oldu ki, Türkiyədə də məktəblərin mühafizəsi bizim ölkədə olduğu kimi, təhsil ocaqlarının rəhbərlərinə həvalə olunub. Rusiyada isə bu vəziyyət məktəbə görə dəyişir. Belə ki, Rusiyanın bəzi məktəblərində mühafizə üçün turniketlər quraşdırılıb, bir qismində özəl mühafizə sistemi təşkil olunub, bəzilərində isə bu iş mühafizə kameraları vasitəsilə həyata keçirilir.