Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi , dərsləri replə "tədris” edən müəllimlikdən daha çox şou aləmə meyilli olan Həbib Əlizadənin məktəb direktoru tərəfindən polisə şikayət olunması ilə bağlı xəbər facebook sosial şəbəkəsində olan bir çox təhsil qruplarında və elektron mətbuatda yayılmışdır.
Gəgiran kənd tam orta məktəbin tarix müəllimi Həbib Əlizadə özünün facebook hesabından paylaşdığı məlumatı sizə çatdırırıq :
"Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov (şəkildəki şəxs) məni polisə şikayət edib
(Paylaşıb dəstək ola bilərsiz)
Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və mənim haqqımda məktəb direktoru tərəfində təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum.
Səbəbini soruşdum. Dedilər uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan.
Əslində isə vəziyyət belədir: Demək şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər.
Məlumat üçün deyim ki, indiyədək gördüyümüz bütün tədbirləri Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə etmişik.
Fəalliyyətlərimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam.
Məlumat üçün deyim ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb.
Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam.”
Aztehsil.com saytına daxil olan məlumata əsasən Həbib Əlizadə məktəbin 30-a yaxın V-XI siniflərində təhsil alan oğlan və qız şagirdlərindən müxtəlif məbləğdə pul toplayaraq onları guya 1-2 iyun 2018-ci il tarixlərində qatarla Bakı şəhərinə ekskursiyay aparacağı ilə bağlı valideyinlərdən etirazlar məktəb direktorunun ünvanına daxil olduqdan sonra , məktəb direktoru Ziyafəddin Cavadov müəllim Həbib Əlizadəni xidməti kabinetinə dəvət edərək atdığı addımın ucqar dağ kəndində yerləşən məktəbin nizam-intizam qaydalarına və Təhsil İşçilərinin Etik Davranış Qaydalarına zidd olması ilə bağlı irad bildirib ,məsələ ilə bağlı izahat istəyib .
Həbib müəllim izahat yazmaqdan imtina edərək , şagirdləri hökmən Bakıya aparacağını israrla qeyd edib. Valideyinlərin, məktəb kollektivinin etirazlarını nəzərə alan məktəb direktoru baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məqsədi ilə Lənkəran RPŞ-nə vəziyyət ilə bağlı təqdimat göndərib.
Həbib Əlizadə isə Rayon Polis Şöbəsində və Rayon Təhsil Şöbəsində məsələyə aydınlıq gəlməmiş məsləni ictimailəşdirməklə əslində özünün qeyri-qanuni əməlini ört-basdır etmək ,məktəb kollektivinin nüfuzuna xələl gətirmək özünə xarakterik olan yola üstünlük vermişdir.
Aztehsil.com saytı olaraq məsələni diqqətdə saxlayacağıq.Qarşı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq.