Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?
Bir neçə gündür Bakı şəhəri Nəsimi rayonu Tahir Həsənov adına 23 saylı orta məktəb və Səbail rayon 6 saylı məktəb-liseyin ətrafında şagirdlərə narkotik tərkibli konfetəbənzər həblərin verilməsi ilə bağlı "Whatsapp” şəbəkəsində səs yazısı yayılır.
Aztəhsil.com xəbər verir ki, səs yazısını yayan naməlum qadın özünü valideyn kimi təqdim edib və uşaqlara təhlükəli həblərin paylanıldığını deyib. Bundan sonra səs yazısı sürətlə yayılmağa başlayıb.
Adları çəkilən məktəblərin rəhbərliyi valideynlər tərəfindən bu səpkili hər hansı şikayət, müraciət almadıqlarını deyiblər. Artıq 6 saylı məktəb-liseyin rəhbərliyi yalan məlumatla bağlı polisə müraciət edib və insanlar arasında çaşqınlıq yaradan şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsini xahiş edib.
Lent.az məsələ ilə bağlı Səbail rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.
İdarədən bildirilib ki, uşaqlara narkotik verilməsi ilə bağlı hər hansı şikayət ərizəsi daxil olmayıb.
Adı çəkilən hər iki məktəb Təhsil Nazirliyinin balansındadır. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yayılan informasiyanın heç bir əsası yoxdur. Heç bir məktəbdə belə hal aşkar olunmayıb.
Bakı şəhər Baş Təhsil İdarəsindən də lent.az-a məlumat verilib ki, bu mövzulu səs yazısı daha əvvəl Rusiya və Qazaxıstanda da yayılıb və hansısa azərbaycanlı onu tərcümə edərək burada yayıb.
Qeyd edək ki, barəsində şaiyələrin yayıldığı hər iki məktəb paytaxtın mərkəzində, bir-birinə yaxın ərazidə yerləşir.