Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?
Tələbələrin qış imtahanlarının yarısı artıq arxada qalıb. Hər il olduğu kimi, budəfəki qış semestr imtahanlarında da topladığı baldan razı qalmayan tələbələrə rast gəlmək olar. Onlar öz şikayətləri barəsində imtahan dövründə fəaliyyət göstərən "İmtahan qərargahı” və Apellyasiya komissiyalarına şikayət ərizələri ilə müraciət edə bilərlər.
Bəzi tələbələr Apellyasiya komissiyasının fəaliyyətindən narazı qaldıqlarını deyirlər. Universitetlərdə Apellyasiya komissiyaları necə fəaliyyət göstərir? Tələbələrin balı maksimum nə qədər artırıla bilər?
Aztəhsil.com modern.az saytının universitetlərlə keçirdiyi sorğunu təqdim edir:
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın sözlərinə görə, yanvarın 4-dən başlayan qış imtahanları ayın 31-dək davam edəcək.
BDU-da imtahanlar yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında ola bilər. P.İbrahimova deyib ki, BDU-da qış sessiyasının gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları da yaradılıb:
"Ballarından narazı tələbələr həmişə olduğu kimi, apellyasiya şikayəti ilə müraciət ediblər, şikayətlərə baxılıb. Apellyasiya şikayəti verən tələbənin işinə baxılması üçün başqa bir müəlim dəvət olunur. Əgər həqiqətən şikayət əsaslıdırsa, tələbənin balı müvafiq olaraq artırılır. Ancaq iki yoxlanış zamanı ballar bir-birindən kəskin fərqlənərsə, məsələyə üçüncü dəfə baxılır. Və sonda obyektiv bir qərar çıxarılır. Tələbələr başqa məsələlərlə bağlı da şikayətlərini Apellyasiya komissiyasına təqdim edə bilərlər”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Vüsalə Məmmədova da universitetdə Apellyasiya komissiyasının yaradıldığını deyib:
"Məlumat üçün bildirim ki,UNEC-də 2017/2018-ci il tədris ilinin qış imtahan sessiyasında 828 apellyasiya ərizəsi daxil olub. Onlardan 482-si cavablandırılıb. Ərizələrin 194-ü əsaslı, 288-i isə əsassız sayılıb. 346 ərizə isə baxılmaqdadır. Əgər şikayət edən tələbənin ərizəsi əsaslı sayılarsa, o halda haqsız yerə silinən bal yenidən əlavə olunur. Bu zaman işə tamamilə obyektiv şəkildə baxılır. Ancaq elə hallar olur ki, tələbələr əsassız şəkildə 1-2 bal istəyirlər. Bu təbii ki, yolverilməzdir. Apellyasiya komissiyası istənilən məsələdə tələbənin şikayətlərini qəbul edir və əsaslıdırsa, təmin edir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur İbrahimov tələbələrin şikayət və ərizələrini araşdırmaq üçün komissiyanın artıq fəaliyyətə başladığını deyib:
"Apellyasiya komissiyasının tərkibinə təcrübəli, tanınmış pedaqoq alimlər daxil edilib. Bundan başqa, "İmtahan qərargahı” da yaradılıb. Həm Apellyasiya komissiyasına, həm də "İmtahan qərargahı”na daxil olan şikayətlər operativ, şəffaf şəkildə araşdırılır və müvafiq qərarlar qəbul edilir. Tələbələrin şikayətləri daha çox imtahan balları ilə əlaqədar olur. Daha çox 1 bal problemi olan tələbələrin şikayətlərinə baxılır. Əgər şikayət əsaslıdırsa, dərhal tələbənin şikayəti təmin olunur”.
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, universitetdə imtahan forması dəyişdiyindən eyni sualın bəzən iki cavabı olur, daha çox bu barədə şikayətlər edilir. Şikayətlər əsaslıdırsa, tələbənin lehinə qərar qəbul edilir və ya əksinə.
Qərb Universitetinin (Qərbi Kaspi Universiteti) mətbuat katibi Vüsal Məmmədov qeyd edib ki, təhsilin şəffaflığı və qiymətləndirmənin obyektivliyi onlar üçün ön planda dayanır:
"Hər imtahan sessiyasında olduğu kimi, builki qış semestrində də niversitetimizdə Apellyasiya komissiyası yaradılıb və bu komissiya müraciətlər ədalətli şəkildə qiymətləndirir. Əgər tələbə imtahan nəticəsindən, qiymətləndirmədən razı qalmayıbsa, "İmtahan qərargahı”na ərizə ilə müraciət edir. Qərargah həmin müraciəti Apellyasiya komissiyasına ötürür və tələbənin imtahan cavabları mütəxəssislərin iştirakı ilə yenidən qiymətləndirilir. Tələbənin balının artırılması məsələsinə gəldikdə isə adi halda tələbənin balının artırılması kimi bir qayda yoxdur. Bu, yalnız Apellyasiya komissiyasının səlahiyyətində olan məsələdir. O da yalnız mövcud qiymətləndirmə meyarları daxilində”.
Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Quliyev Apellyasiya komissiyasının fəaliyyətindən heç vaxt şikayət olmadığını deyir:
"Rektorun əmri ilə hər il olduğu kimi, bu dəfə də Apellyasiya komissiyası fəaliyyət göstərir. İmtahanlardan sonra tələbələrin qiymətləri ilə bağlı bir etirazları olarsa və yaxud başqa problemlərlə bağlı şikayətləri varsa, yazılı formada ərizə ilə müraciət edə bilərlər. Apellyasiya komissiyası bütün müraciətləri dəyərləndirir. Daha çox 1-2 bal çatışmazlığı zamanı ərizələr daxil olur. Tutaq 89 bal yığmış tələbə 91 bal almaq üçün və ya 50 bal yığan tələbə kəsilməmək üçün müraciət edur. Bizim universitetimizdə imtahanlar yazılı və şifahi formada keçirilir. Hər imtahanda 3-4 nəfər tələbə ərizə ilə müraciət edir. Apellyasiya komissiyası yoxlanış həyata keçirir, əgər obyektiv qiymətləndirmə olubsa, bal dəyişdirilmir, əks təqdirdə tələbənin şikayəti təmin edilir”.
Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rza bildirib ki, bütün şikayətlərə imtahanlardan sonra baxılacaq. Əsaslı şikayətlər təmin ediləcək.
"Odlar Yurdu” Universitetinin mətbuat katibi Günay İmanova imtahanlar başlamazdan əvvəl "İmtahan komissiyası”nın yaradıldığını vurğulayıb:
"Bundan əlavə, hər kafedrada "Məsləhət otaqları” da fəaliyyət göstərir. Məsələn bir tələbənin sualı varsa, ona cavab verilir. Universitetimizdə bal məsələsi ilə əlaqədar nadir hallarda şikayət olur. 1 bal ilə bağlı şikayəti olan tələbənin məsələsinə baxırıq və əsaslı səbəblər varsa, təmin edilir. Amma belə problemlərlə demək olar rastlaşmamışıq. İmtahan komüterlə keçirilir. Amma tələbənin hansısa sualı olarsa, "Məsləhət otaqları”nda fəaliyyət göstərən müəllimlər onlara kömək edir”.
Memarlıq İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva deyir ki, onlarda qış imtahanları yanvarın ilk həftəsindən başlayıb, fevralın 1-nə kimi davam edəcək.
"İmtahanlarla əlaqədar universitetdə Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. İmtahanlar yazılı və test şəklində aparılır. Memarlıq fakültəsində təhsil alan tələbələr xüsusi qabiliyyət imthanları da verirlər. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün yazılı imtahanların nəticələri qərargahda şifrələnir, sonra xüsusi ekspertlər tərəfindən yoxlanılır. İmtahanlarda köçürən tələbələr imtahan zalından çıxarılır, onların işləri dərhal nəzarətçilər tərəfindən yerindəcə ləğv olunur. Kəsilən tələbələr onlayn şəkildə Münaqişə komissiyasına müraciət edə bilər. Onların şikayətlərinə baxılır, hər həftənin sonunda problem öz həllini tapır. Bu günə qədər Münaqişə komissiyasına 70-ə yaxın tələbə müraciət edib, altdan dərs alan kəsirli tələbələrdən də 20 şikayət daxil olub. İmtahanda 1-2 balı çatmayan tələbələrə müəyyən güzəştlər olunur. Bir məsələni qeyd edim ki, tələbələr onlayn şəklində rektora da müraciət edə bilirlər. İmtahan sessiyası rektorun tam nəzarəti altındadır, özü sessiyaya nəzarət edir, demək olar ki, hər gün imtahan zallarına baş çəkir, tələbələrlə görüşür, problemləri və çətinlikləriylə maraqlanır”.