LDU-da imtahanların gedişini izləmək üçün İctimai Şura yaradıldı
LDU-da ilk - yaradılan ictimai şura imtahanların obyektiv keçirilməsinə yardımçı olacaq.
LDU-nun mətbuat xidmətindən aztəhsil.com-a verilən məlumata görə, bu dəfəki payız imtahan sessiyasında ilk dəfə imtahanların gedişini yeni yaradılan ictimai şura da izləyə biləcək. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü və şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə yaradılan ictima şuraya semestr boyu imtahanların gedişini izləmək, şikayət olarsa, araşdırmada iştirak etmək səlahiyyəti verilib. Şuranın tərkibinə ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri, media nümayəndələri daxil edilib.
Qeyd edək ki, imzalanan müvafiq əmrə əsasən payız semestrinin imtahan sessiyasının əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 04.01.2018-ci il tarixdən 01.02.2018-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün 04.01.2018-ci il tarixindən 11.01.2018-ci il tarixinədək keçirilməsi qərarlaşdırılıb.
İmtahanlararası müddət minimum iki gün, imtahanlara ayrılmış vaxt iki saat müəyyənləşdirilib. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində səfffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək mənfi halları operativ aradan qaldırmaq məqsədi ilə yaradılan Operativ qərargah da bu gündən fəaliyyətə başlayıb. Operativ qərargahın əlaqə telefonları 25-5-27-86, 25-5-24-17–dir.
İmtahan sessiyası müddətində 1 saylı tədris binasında 214,2 saylı tədris binasında 205-ci otaqlar Apelyasiya Komissiyası üçün ayrılıb. İmtahan nəticələri elan olunduqda tələbə aralıq qiymətləndirmənin nəticəsindən narazı olduqda həmin gün müvafiq Apelyasiya Komissiyasına ərizə ilə müraciət edərsə, rektorluğa müvafiq məlumat veriləcək və imtahan qəbul edən müəllimin, kafedra müdirinin iştirakı ilə muvafiq Apelyasiya Komissiyası tələbənin yazılı cavablarının təkrar yoxlanmasını təmin edəcək.
Tələbələrə kömək məqsədi ilə universitetin kitabxanası sessiya müddətində gücləndirilmiş iş rejimində, hər iş günü saat 8.30-dan 17.30-dək fəaliyyət göstərəcək. Həmçinin, qeyri-iş günlərində kitabxana xidmətindən istifadə üçün növbətçilər ayrılması tələbələrə oxu zallarından və kitabxana xidmətindən istifadəyə imkan yaradacaq.
Qeyd edək ki, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilk imtahan günü 1 və 2 saylı tədris korpuslarında olub və imtahanların gedişini əyani izləyib.