Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT
Yüksək bal toplayan abituriyentlərin əksəriyyəti sonra niyə uğurlu nəticə göstərmir?
Həmişə universitetə yüksək balla daxil olan abituriyentlərdən yüksək nəticə gözləyirlər. Hər kəs onları gələcəyin peşəkar mütəxəssisləri sırasında görür. Amma heç də həmişə belə olmur.
"Artıq 600-dən yuxarı bal toplayan abituriyentlər də müəllimlik peşəsini seçirlər"
Son zamanlar müşahidələr göstərir ki, müəllimlərin işə qəbulu, dövlət qulluğuna qəbul və s. imtahanlarda iştirak edib ən yüksək nəticə əldə etmiş şəxslər ali məktəblərə qəbul imtahanlarında 400-600 arası bal toplayıblar. 600-dan çox bal toplayıb universitetə qəbul olanlar isə işə qəbul imtahanlarında birincilərlə müqayisədə az bal toplayırlar.
Maraqlıdır, bu hal hansı səbəblərdən meydana çıxır?
Dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov da bildirir ki, 650-dən yuxarı bal toplayan abituriyentlərin əksəriyyəti təhsil proqramını mənimsəyərək öyrənmir:
"Onlar əzbərçiliyə üstünlük verirlər. Ona görə də belə problemlər ortaya çıxır. Test sistemi elə qurulub ki, orada göz yaddaşı, hər hansısa test etmək bacarığı, cavablar arasında nəisə ixtisar edərək nəticəyə gəlmək və daha tez nəticəyə varmaq kimi yollardan istifadə edirlər".
Hüseynovun sözlərinə görə, bu üsullara ən çox repetitor yanına gedən abituriyentlər əl atırlar:
"Müəllimlər şagirdlərə qısa yolları öyrətdikləri üçün belə olur. Əzbərçilik sayəsində yüksək bal toplayıb universitetə daxil olurlar. Universitet vaxtı yüksək bal topladıqlarına da arxayın olub oxumurlar. Aşağı bal toplayan abituriyentlər isə kurslara və təlimlərə qoşularaq özlərini daha çox inkişaf etdirirlər. Nəticədə də onlar daha çox uğur qazanmış olurlar".
Qeyd edək ki, ali məktəblərə 501-600 balla qəbul olmuş 468 nəfər dövlət qulluğuna qəbul olmaq üçün qeydiyyatdan keçib. Onlardan da 256 nəfəri uğur qazanıb. Bu da 54.7 faiz nəticə əldə etmək deməkdir"