Hazırlıq kursları 600-700 bal toplayan abituriyentləri satın alır - AÇIQLAMA
Bir çox hallarda valideyinlər övladlarını hazırlıq kurslarına cəlb edərkən bəzi yalnışlıqlara yol verirlər. Belə ki, valideynlər yalançı reklamlara aldanaraq övladlarını həmin kurslara etibar edirlər. Lakin imtahanlar ərəfəsində toplanan zəif nəticələr bu reklamları tamamilə alt-üst edir.
Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı big.az-a danışan təhsil eksperti Kamran Əsədov bəzi üstüörtülü məqamlara aydınlıq gətirərək hazırlıq kurslarını ifşa edib.
O hazırlıq kurslarını pul müqabilində yüksək nəticə əldə edən şagirdləri öz reklam çarxlarına çəkdiklərini açıqlayıb:
"Hazırlıq kursları tələbələri, abituriyentləri həmin kurslara cəlb etmək üçün ziyanverici, təhlükəli metodlardan istifadə edirlər. Belə ki, onlar nəticələrini saxtalaşdırırlar. Qeyd edirlər ki, bu il bu kurs 5 nəfər 700 bal toplayan abituriyent yetişdiriblər. Hərçənd ki, onlar digər təhsil ocaqlarında hazırlaşaraq yüksək nəticə əldə ediblər. Həmin tanınmış hazırlıq kursları yüksək nəticə toplayan tələbələrə 2 min manat, 5 min manat hətta 10 min manat pul ödəyərək onları özlərinin reklamına çəkirlər və bununla da valideyinləri aldadırlar ki, güya bu kursun tələbəsi 690-700 bal toplayıb. Şagird, tələbə üçün az fərq edir artıq. O artıq nəticəsini göstərib və yalandan pul qarşılığında həmin kursun məzunu, tələbəsi olduğunu deyir".