Bakı Dövlət Peşə Təhsili Mərkəzi şagird qəbuluna başlayır
Bakı Dövlət Peşə Təhsili Mərkəzi (BDPTM) texnika və texnologiyalar üzrə şagird qəbuluna başlayır.
Aztəhsil.com xəbər verir ki, BDPTM-dən bildirilib ki, mərkəzdə elektrik və elektronika sahələrində innovativ və müasir təhsil proqramı tətbiq edilir. Belə ki, burada 9-11-ci sinif şagirdlərinə müasir texnologiya və metodik üsullarla müxtəlif ixtisaslar üzrə elektronika avadanlıqlarının və cihazlarının təmir qaydaları öyrədilir. Mərkəzin məzunları attestat, beynəlxalq dərəcəli sertifikatlaşdırma şirkətlərinin Təhsil Nazirliyində qeydiyyatdan keçmiş sertifikatları ilə təmin olunurlar. Onlar həmin sertifikatlarla dünyanın istənilən yerində işləmək, iş yeri açmaq hüququ qazanırlar.
BDPTM-nin müəllimləri Azərbaycanın elektronika sahəsində ixtisaslaşmış ali təhsil ocaqlarında dərs keçən professor və dosentlər, xarici şirkətlərdə çalışmış təcrübəli peşəkarlardır.
Müvafiq sahədə ixtisaslaşan şagirdlər zavod və fabriklərdə, eləcə də müxtəlif şirkətlərdə istifadə edilən hər növ elektronika sistemlərinin sazlanmasını, təmirini və servisini həyata keçirirlər. Azərbaycanda elektrotexnikanın yeni inkişaf etdiyini nəzərə alsaq, bu sahəni bilən mütəxəssislər olduqca azdır. Belə ki, BDPTM-ni seçən şagirdlər gələcəkdə xəstəxana, klinika və poliklinikalarda istifadə edilən hər növ tibbi elektronika cihazlarının təmirini, servisini, proqram təminatını həyata keçirən mütəxəssislər kimi yetişəcəklər.