Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib
Oktyabrın 16-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binasının açılış mərasimi olub.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mikayıl Cabbarov son illərdə təhsil sahəsində, eləcə də peşə təhsili üzrə aparılan islahatlardan danışıb. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin peşə təhsilində həyata keçiriləcək layihələr baxımından mühüm sənəd olduğunu bildirən nazir ölkədə əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.
Nazir ölkədə ilk dəfə Qəbələdə yaradılan bu müasir təhsil mərkəzində yaradılan şəraitin təhsil alanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını vurğulayıb. Mikayıl Cabbarov bildirib ki, iri sənaye mərkəzlərində və regionlarda optimallaşdırma prosesinin həyata keçirilməsi, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması ilə bağlı Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Səbuhi Abdullayev, deputat Fəttah Heydərov çıxışlarında ölkədə peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından, əldə edilən uğurlardan danışıblar.
Mərkəzin yeni binası ilə tanış olan qonaqlara məlumat verilib ki, 3 mərtəbədən ibarət təhsil ocağında iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. 2.85 hektar sahədə yeni tikilmiş tədris korpusu ilə yanaşı, lazımi avadanlıqlarla təchiz edilmiş 4 bölməli emalatxana yaradılıb.
Mərkəzin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi var və 10-dan çox müasir kənd təsərrüfatı texnikası ilə təchiz olunub.
Mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması nəzərdə tutulub. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.