Təhsil pillələri ilə yüksələcək peşə sahibləri
Mütəxəssislər deyir ki, təkliflər hazırlanarkən bütün gənclərin maraqları nəzərə alınıb.
Təhsil Nazirliyi ölkədə peşə təhsili pilləsinin 3 səviyyəli olmasını və yüksək texniki peşə təhsilinin yaradılmasını təklif edir.
Aztəhsil.com xəbər verir ki, Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Milli Məclisin Elm və təhsil komitəsində "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Təklifə görə, peşə təhsili 3 pilləli - ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili olmalıdır. F.Mustafayev bildirib ki, yüksək peşə təhsili ali təhsil deyil:
"Bu təhsil subbakalavr dərəcəsinin verilməsi ilə bitəcək. Yüksək texniki peşə təhsili dedikdə, yüksək bacarıqlara malik olma nəzərdə tutulur. Müasir dünyada bilik əsasdır. Amma peşə təhsilində bacarıqlar vacibdir. Ona görə də peşə təhsili bacarıqların formalaşdırılması üzərində təşkil edilməlidir. Biz bunu dərk edirik və millət vəkillərindən xahiş edirik ki, bu təklifimizi dəstəkləsinlər”.
F.Mustafayevin sözlərinə görə, hər hansı şəxs texniki peşə alıb əmək bazarına çıxıbsa və bundan sonra öz karyerasını daha da yüksəltmək, daha yüksək vəzifə tutmaq istəyirsə, o, yüksək peşə təhsili ala bilər:
"Bu, bizim əvvəlki kolleclərin səviyyəsidir. Amma bu təhsil humanitar sahəyə yox, sırf texniki sahəyə aid olacaq. Hesab edirik ki, peşə təhsili pilləsinin 3 səviyyəli müəyyən olunması vacib addım olacaq”.
Bundan başqa, Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu təklif Milli Məclisin Elm və təhsil komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.
Edilən bu təkliflərin növbəti mərhələdə peşə təhsilinin inkişafına hansı töhfələri verəcəyini öyrənməyə çalışdıq.
Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə bildirdi ki, təkliflər peşə təhsilinə marağı artıracaq:
"Peşə təhsili haqqında” qanun layihəsi dünya təcrübəsinə əsaslanaraq, milli dəyərlərimiz üstün tutularaq hazırlanıb. Bu qanun layihəsi peşə təhsilinin bütün sahələrini özündə əks etdirir. Düşünürəm ki, edilən təkliflər peşə təhsilinə olan marağı artıracaq və bu sahənin inkişafını stimullaşdıracaq. Sağlamlıq imkanları məhdud insanların da peşə təhsilinə cəlb olunması nəzərdə tutulur. Belə ki, təkliflər hazırlanarkən bütün gənclərin maraqları nəzərə alınıb”.
Təhsil eksperti Etibar Əliyev peşə təhsilinin bu cür təsnifatlanmasını müsbət qiymətləndirdiyini deyir:
"Təhsilin bu pilləsində nə qədər dünya təcrübəsinə istinad edib, yeniliklər aparsaq, ali məktəbə qəbul ola bilməyən gəncləri peşə təhsilin bir o qədər çox cəlb edə bilərik. Bu, çox mühüm məsələdir. Mən hesab edirəm ki, təhsil sahəsində aparılan ciddi və əhəmiyyətli islahatlardan biridir. Bu gün orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlar istifadə edilməlidir. Hazırda şagirdlərin 30 faizinin ali təhsil almaq imkanı olur. Hesab edirəm ki, yerdə qalan 70 faiz gənc kolleclərdən daha çox, peşə təhsilinə yönəldilməlidir. Peşə təhsilinin belə təsnifatlandırılması orta məktəb məzunlarının təhsilin bu pilləsinə cəlb olunmasına şərait yaradacaq. Və yəqin ki, gələcəkdə bu pillələr üzrə hazırlanan kurikulum müasir tələblərə cavab verəcək”.
Müsahibimiz deyir ki, bu gün Yaponiyanın, Koreyanın inkişafında ali təhsilin rolu peşə təhsilinin rolu qədər deyil:
"Həmin ölkələrdə olan texniki peşə məktəbləri elektronika və maşınqayırma sahələrinin inkişafına birbaşa təsir edib və bu sahələrdə uğur qazanmalarına səbəb olub. Deyərdim ki, müasir cəmiyyətdə peşə təhsilinin rolu get-gedə artır. Bu da gəncləri bu sahəyə yönəlməyə motivasiya edəcək”.
Təhsil eksperti Nadir İsrafilov "Kaspi”yə açıqlamasında bildirdi ki, əhaliyə göstərilən istənilən peşə xidmətlərinin günün tələbləri səviyyəsində qurulması əsas məsələlərdən biridir:
"Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda da təhsilin bu pilləsinin ən "axsayan” və ən çox tənqidə məruz qalan sahələrdən biri olması xüsusi olaraq vurğulanmış, həlli vacib olan problemlər önə çəkilmişdir. Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür.
Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsil alanların cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir. Son dövrlər qəbul edilən İslahat Proqramında əmək bazarının tələbatına uyğun olaraq, orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texniki peşə məktəblərinin yaradılması nəzərdə tutulmuşdur”.
Müsahibimiz deyir ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması və peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsini stimullaşdırıcı addım kimi qiymətləndirmək olar:
"İstənilən vəziyyətdə və formada peşə təhsili nəinki zəifləməli, əksinə regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir. Buna iqtisadiyyatımızın böyük ehtiyacı var. Söhbət təkcə peşə məktəblərindən getmir. Elə istər orta məktəblər olsun, istər orta-ixtisas, istərsə ali məktəblər, forma və pilləsindən asılı olmayaraq peşə-ixtisas məsələsi öndə olmalıdır. Almaniya və Yaponiya kimi ölkələr məhz peşə-ixtisas səviyyəsi üzrə yüksək inkişafa nail olublar. Bu baxımdan digər təkliflərlə yanaşı, peşə məktəblərinin orta məktəblərlə inteqrasiyası məsələsi də nəzərdən keçirilə bilər”.