Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR
"Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi çərçivəsində İsmayıllı rayon İ.Həsənov adına 1 nömrəli və rayon 7 nömrəli məktəblərdə təlimlər keçirilib.
İsmayıllı şəhərı İ.Həsənov adına 1 saylı tam orta məktəbin ingilis dili müəllimi, layihə rəhbəri Pərvanə Piriyeva və layihənin təlimçisi Bakı Özəl İdrak Məktəbinin təlimçisi Sona Həmzəyeva təlimlərə start veriblər. Təlim məktəbin abituriyentləri üçün imtahanöncəsi gərginlikdən necə can qurtarmaq barəsində maraqlı disskussiya, yarış və oyunlardan təşkil olunub.
Təlim zamanı 11-ci sinif şagirdləri üçün vizualizasiya yolu ilə keçirilən "10 il sonra Mən” başlıqlı fəaliyyət onlarda böyük maraq yaradıb. Daha sonra əvvəlcədən keçirilmiş və psixoloq rəyi əsasında müəyyən olunmuş həyəcan və təşviş sorğusunun nəticələrinə görə daha çox həyəcana malik olan abituriyentlərlə müvafiq iş aparılıb.
Sonda təlim iştirakçıları arasından layihənin davamlılığını təmin etmək məqsədi ilə könüllülər seçilib. Layihənin həyata keçirilməsində əsas məqsəd 11-ci sinif şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması və onlarda özgüvənin (özünə inamın) artırılmasıdır.
Həyata keçiriləcək layihə çərçivəsində rayon tam orta məktəblərində 5 qrup olmaqla hər birində 60 iştirakçının təmsil olunması nəzərdə tutulur ki, bununla 300 nəfər abituriyent imtahanqabağı həyəcanına qalib gələ biləcək və uğur qazanacaq. Onlara davamlı olaraq özünə hörmət, öz həyatının necə qiymətli olduğu aşılanacaq.
Eyni zamanda hər bir təhsil müəssisəsində davamlı təlimlər keçirilməsi məqsədi ilə könüllülər seçiləcək və hər bir təhsil müəssisəsində "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq. Veb 2.0 və Veb 3.0 alətlərinin köməyi ilə mərkəzlərin internet bloqları yaradılacaq, görülən işlər həmin internet səhifələrində öz əksini tapacaq.
Bununla yanaşı digər pedaqoji işçiləri və gəncləri bu sahədə məlumatlandırmaq və aktivləşdirmək məqsədi ilə keçiriləcək aksiyada hazırlanmış maarifləndirici, informativ bukletlər paylanılacaq, "Abituriyentin dostu” adlı kitabça çap olunacaq, ictimai əlaqələr(PR) sahəsində işlər görülməsi də nəzərdə tutulub.
Fərdi kateqoriyada Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsiAzərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir.
Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.