Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb
Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədilə tədbir keçirilib.
Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində şəhid məzunların xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Sonra universitetin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub. Açılış mərasimində AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunları arasında on Milli Qəhrəman var.
Onların fəaliyyəti, döyüş yolu, qəhrəmanlıqları hər zaman tələbələr üçün örnəkdir. Prorektor deyib ki, xatirə muzeyində AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı ilin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprelində Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var.
Sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partlatmış yeddi nəfər xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş " Səkkiz oğul istərəm..." filminin təqdimat mərasiminə toplaşıblar.