Qarabağ Universitetinin ilk tələbəsi: "Övladlarınızın istəkləri qarşısında sədd çəkməyin"
Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunu Əli Rüstəmzadə III qrup üzrə 654 bal toplayıb. O, Qarabağ Universitetində hüquqşünaslıq ixtisasını seçəcəyini bildirib.
Modern.az Qarabağ Universitetinin ilk tələbəsi ilə həmsöhbət olub.
O bildirib ki, Qarabağ Universiteti gənclərə bu regionun yenidən dirçəldilməsində yaxından iştirak etmək imkanı yaradır:
"Mən də yaradılan bu imkanlardan faydalanmağı bir Azərbaycan gənci olaraq özümə borc bildim. Gələcəkdə də təhsilimi elə Qarabağda davam etdirməyi düşünürəm. Qarabağın dirçəldilməsində yaxından iştirak etmək mənim üçün iftixardır".
Ə.Rüstəmzadə özünü dərk etdiyi vaxtdan hüquqşünaslıq ixtisasına həvəsi olduğunu bildirib:
"Əlimdən gəldiyi qədər insanların haqqını müdafiə etmək hər bir şəxsin borcudur. Mən də üzərimə düşən vəzifəni yerinə yetirmək üçün bu peşəni seçdim. Hədəfim gələcəkdə prokurorluq orqanlarında fəaliyyət göstərməkdir. İşğaldan azad edilmiş torpaqlarda ilk tələbə olmaq qürurverici hissdir. Cənab Prezident İlham Əliyevə bu imkanı bizlərə yaratdığı üçün minnətdarlığımı bildirirəm. İştirak etdiyim görüşlərdə gördüklərimə əsasən deyə bilərəm ki, bu universitetə maraq ölkəmizin hər regionunda yüksək səviyyədədir. Hazırda özünü inkişaf etdirmək istəyən hər bir şagirdin seçimi Qarabağ Universitetidir".
O, digər abituriyentləri də Qarabağ Universitetini seçməyə çağırıb:
"Ali Baş Komandanımızın başçılığı altında ordumuz düşmənə elə bir zərbə endirib ki, mənfur düşmən bir daha bizim olanı bizdən almağa çalışa bilməz. Əziz valideynlər, övladlarınızın istəkləri qarşısında sədd çəkməyin və onlara öz gələcəklərini qurmaları üçün imkan yaradın".