Naxçıvanda nazirlikdə aşkarlanan nöqsanlarla bağlı AÇIQLAMA
2024-cü il aprelin 8-də Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində və digər qurumlarda aparılan audit yoxlamaları ilə bağlı mətbuata açıqlama verilib. Açıqlamada Təhsil Nazirliyinin tabeliyində olan tədris müəssisələrində artıq ştatların mövcudluğu, şagirdlərin sayının şişirdilməsi hallarının olması da yer alıb. Bundan sonra bəzi media qurumlarında yoxlamanın nəticələrinin təhrif edildiyi yazılar hazırlanıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Mətbuat Xidmətindən aztehsil.com-a bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ilin 24 yanvar - 1 aprel tarixlərində apardığı audit yoxlama 2022-2023 və 2023-2024-cü tədris illərini əhatə edib.
Aşkarlanmış nöqsanlar 2023-cü ilin oktyabr ayından etibarən nazirlikdə başlanılan kadr islahatlarından əvvəlki dövrə aiddir. Belə ki, sözügedən vaxtdan etibarən nazirlik tərəfindən məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrdə tədrisin təşkili və idarəolunması ilə bağlı monitorinq və yoxlamalar aparılıb. Aşkarlanıb ki, siniflər komplektləşdirilərkən, xüsusən də ibtidai siniflərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq təlimatlarının tələblərinə əməl olunmayıb. Əsas nöqsanlar olaraq, habelə faktiki mövcud olmayan dərnək və qrupların formalaşdırılması, müəyyən fənlər üzrə siniflərin qeyri-qanuni təşkili, əvəzçilik, ixtisas uyğunsuzluğu və qiymətli mal-materiallarla bağlı pozuntular üzə çıxarılıb. Hesablama Palatasının audit yoxlamasının yekun rəyində qeyd olunan bu çatışmazlıqlar öz əksini tapıb. Təəssüf ki, tədris ilinin ortasında aşkarlanan bu nöqsanların kompleks şəkildə və qısa müddətdə aradan qaldırılması mümkünsüz olsa da, nazirlik tərəfindən ilkin tədbirlər görülüb. Nazirliyə birbaşa tabeli məktəbdənkənar təhsil müəssisələr üzrə 158 qrupun fəaliyyəti düzgün təşkil olunmadığı üçün dayandırılıb və dövlət büdcəsində aylıq 51 min manatdan artıq vəsaitin qeyri-qanuni sərf olunmasına yol verilməyib. Həmçinin təhsil şöbələri və müəssisələr üzrə 97 müəllimin əməkhaqqısı dayandırılıb, 22 müəllimə intizam tənbehi, 27 dərnək rəhbərinin isə əmək müqaviləsinə xitam verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Hesablama Palatasının yekun rəyində göstərilən neqativ halların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam edir. Ciddi nöqsanların olduğu sahələrdən biri olan məktəbdənkənar təhsil müəssisələrində dərnəklərin təşkili, uşaq cəlbi, müəssisələrin fəaliyyətinin günün müasir tələbləri çərçivəsində qurulmasına dair müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, qanunauyğun tələblərə riayət olunması ümum təhsil müəssisələrində müəyyən vəzifələrin ixtisarına, eyni zamanda ştat vahidlərinin, bununla bərabər müəllimlərin həftəlik dərs saatının azalmasına səbəb olacaqdır. Bu baxımdan nazirlik tərəfindən dərin təhlillər aparılır. Məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində əvvəlki illərdən mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər mütəmadi davam etdiriləcək.oxuaz//