Elm sahəsində genişmiqyaslı islahatlar keçiriləcək - Nazir ANONS VERDİ
“Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq elm sahəsində genişmiqyaslı islahatlar həyata keçiriləcək”.
Aztehsil.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir deyib ki, deputatlar çıxışında elmin maliyyələşdirilməsində yeni modelin tətbiq edilməsini təklif edib:
“Bununla bağlı əməkhaqqı üzrə fərqləndirmələrin tətbiq edilməsi kimi məsələlər qaldırılıb. Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq, bu sahədə genişmiqyaslı islahatlar həyata keçiriləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev qarşıdakı iclaslarda geniş məlumat verəcək”.
Nazir həmçinin qeyd edib ki, deputatlar burada müxtəlif rayonlarda və bölgələrdə məktəb tikintisi, qəzalı məktəblərin bərpası ilə bağlı məsələni də qaldırıb: “Bununla bağlı da Emin Əmrullayev geniş məlumat verəcək”.
Nazir bildirib ki, vergi və azadolmaların tətbiq edilməsi müvafiq olaraq büdcə gəlirlərinin azalmasına gətirib çıxarır:
“Bu baxımdan azalan gəlirlərin hansı mənbə hesabına bərpa edilməsinə də biz baxıb cavab tapmalıyıq. Sözsüz ki, vergi azaldılmaları və azadolmaları ölkə iqtisadiyyatına uzunmüddətli potensial və faydalar gətirir, bu da dəyərləndirilməlidir. Buna görə hökumət tərəfindən Vergi Məcəlləsinə müvafiq düzəlişlərin edilməsi təklif edilir”.Apa//