Qubada məktəb binası qəzalı vəziyyətə düşüb
Qubanın Qımıl kəndində şəhid Alimşah Tahirovun adını daşıyan kənd məktəbinin 3 korpusundan ikisi qəzalı vəziyyətdədir.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, şimal bürosunun verdiyi məlumata görə, bu ayın əvvəlində Quba rayonunda baş verən zəlzələdən sonra məktəb binasındakı çatlar böyüyüb. İbtidai sinif şagirdləri 2006-cı ildə yeni tikilən korpusda təhsil alsalar da, yuxarı sinif şagirdləri bu imkandan məhrumdurlar. Korpuslardan biri 1935-ci ildə, digəri isə 1980-ci illərdə istifadəyə verilib.
Kənd məktəbinin direktoru İsa Bayramov bildirib ki, iki korpusun istifadə müddəti bitib:
"Binalar qəzalı vəziyyətə düşüb, ayın əvvəlində baş verən zəlzələ də bu prosesi sürətləndirib”.
Quba rayon Təhsil Şöbəsindən verilən məlumata görə, həmin kənddə yeni məktəb binasının tikintisi nəzərdə tutulur.