Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul ediləcək şəxslərlə müqavilə bağlanılacaq
Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılacaq.
Bu məsələ parlamentin oktyabrın 17-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanıb. Layihədə müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin bağlanılması nəzərdə tutulur. Bu müqavilədə digər məsələlərlə yanaşı, şəxslərin təhsili başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi qeyd olunacaq.