“Bizdə özəl universitetlərə həvəs elə də yüksək səviyyədə deyil”-Nadir İsrafilov
Özəl Universitetlərdə qəbul balı dövlət universitetlərinə nisbətdə aşağıdır. Həmin təhsil müəssisələri bəzi hallarda aşağı bal toplayan abituriyentlərin “güman yeri” hesab olunur.
Bu zaman sual yaranır: Özəl universitetlərdə qəbul balı niyə aşağıdır? Bu nə ilə əlaqədardır?
Suallarımızı təhsil eksperti Nadir İsrafilov aydınlıq gətirdi. Ekspert deyir ki, özəl universitetlərə qəbul balının aşağı olması bir sıra faktorlarla əlaqədardır.
“Bu hal hər şeydən əvvəl ödənişlə bağlıdır, yəni özəl universitetlərin bir qayda olaraq ödənişli olmasıdır. Nəzərə alsaq ki, dövlət ali təhsil müəssisələrində də dövlət hesabına və ödənişli əsaslarla olan ixtisaslara keçid balında eyni mənzərə müşahidə olunur, belə bir fərqin yaranma səbəblərini anlamaq o qədər də çətin deyil”.
“Bizdə özəl universitetlərə həvəs elə də yüksək səviyyədə deyil”- deyən ekspert bunun səbəbinə də aydınlq gətirir:
“Özəl lisey və gimnaziyalarla müqayisədə özəl universitetlərə maraq da lazımi səviyyədə deyil. Bir çox xarici ölkələrdə daha çox özəl universitetlərə üstünlük verildiyi halda, bizdə özəl universitetlərə həvəs elə də yüksək səviyyədə deyil. Özəl universitetlərə inam və güvənin az olmasına sovetdən qalma bəzi universitetlərin filiallar açması, sonradan bunların bəzilərinin rəqabətə davam gətirməyərək bağlanması, bəzi işə götürənlərin özəl ali məktəblərin diplomların tanımaması kimi faktlar da təsirsiz ötüşməyib. Dünyanın bir çox inkişaf etmiş ölkələrində tələbələr ona görə özəl universitetləri seçir ki, hökumət tərəfindən təhsil üçün kifayət qədər kredit verilir. Bununla təhsil alanlar təhsil aldığı müddətdə təhsil haqqını ödəyirlər və işlədikdən sonra yavaş-yavaş bu məbləği geri qaytarırlar”.
Ekspert müşahidələrinə əsasən deyir ki, adətən abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur:
“Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırır.Bir də ki, dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslarda oxuyan və əhalinin müəyyən həssas təbəqəsinə aid olan şəxslər üçün güzəştlər var, özəl universitetlər isə bunda o qədər də maraqlı deyillər. DİM rəsmiləri də məsələyə münasibət bildirərkən özəl ali təhsil müəssisələrinin həm təhsilin səviyyəsini qaldırmalarına, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməli olduqlarına diqqət çəkiblər”.
Müsahibimiz, həmin universitetlərin vəziyyətdən çıxış yolu kimi qəbul etdikləri qərarı da diqqətə çatdırdı:
“Bəzi özəl universitetlər birinci kursda oxuyan tələbə daha sonra fikrini dəyişib başqa universitetə transfer olmaq istəyirsə, qalan üç kursun təhsil haqqını da ödəməli olduğu barədə qərar qəbul ediblər. Həmin universitetlərdə birinci kurs tələbələri ilə bu şərtin də əks olunduğu müqavilə bağlanır. Belə bir müqavilə əslində universitetlər tərəfindən özlərini sığortalamağa yönəlik atılan bir addımdır. Yəni, əgər universitetə daxil olmusansa, bunu axıra kimi oxumalısan. Bu addımın nə kimi effekt verəcəyi isə zamana bağlı məsələdir. Bununla belə dövlət sifarişli (ödənişsiz) plan yerləri artıqca, özəl universitetlərə qəbul balının aşağı olması da labüd olaraq qalacaqdır”.
N.İsrafilov son olaraq Məleykə Abbaszadənin çıxışından sitat gətirərək fikirlərini tamamlayıb:
“O ki, qaldı özəl universitetlərdə qəbul balı niyə aşağı olmasına, və ora daha çox aşağı bal toplayan abituriyentlərin "güman" yeri hesab olunmasının nə ilə əlaqədar olmasına, bu sualın cavabına DİM sədri Məleykə Abbaszadə kifayət qədər aydınlıq gətirib: “Müəyyən şəxslər ali təhsili yalnız diplom naminə almaq istəyir və bu, düzgün yanaşma deyil.” azedu.az