DİM iyulun 10-dan etibarən apellyasiya təşkil edəcək
Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-dan etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.
DİM-dən bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 5-7-də (10:00- 17:00) apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Apellyasiya komissiyasına müraciətdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar.
Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsə də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, sadəcə komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt etməyi xahiş edirlər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmır. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər.
Müraciətlərə “Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə baxılır. Bir abituriyentin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Abituriyentlərin görüş üçün təyin olunmuş vaxtdan 15 dəqiqə əvvəl proqrama qoşulması xahiş olunur. Görüşə qoşulmaqdan imtina edən abituriyentlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur.
Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə görüşünün video və səs yazısı aparılır.
Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı 1-3 iş günü müddətində imtahan keçirilən binada təşkil edilir. Apellyasiyanın tarixi, saatı və apellyasiyası təşkil edilən komissiya barədə məlumat imtahan binasının girişindəki elanda verilir.
Qeyd: İstiqamət üzrə yalnız elan edilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.