Hökumət tədris ili ilə bağlı qərar verməlidir: - İctimai rəy bunu deyir
Son günlər ən çox müzakirə olunan mövzulardan biri də tədris ilinin başlanma və bitmə tarixinin dəyişdirilməsidir.
Artıq bir neçə ildir ki, tərdis ilinin sentyabrın 15-də başlaması və 15 iyunda bitməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Tədris ilinin əvvəlki illərdə olduğu kimi sentyabrın 1-də başlanması təklif edilsə də, iqlim şəraiti əsas gətirilərək hələ də dərslər senyabrın 15-də başlayır.
Onu da qeyd edək sovet dövründə 25 mayda bitən dərslər sentyabrın 1-də başlayırdı və iqlim şagirdlərin təhsil almasına heç də maneə yaratmırdı. Bu gün ölkədə dərslərin bitmə və başlama tarixlərindəki dəyişiklikilə təhsildə hansısa yüksəlişə nail olunmayıb. Bu günlərdə isə elm və təhsil naziri Emin Əmrullayev özü də məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirib.
Nəhayət ki, bu təklifin gündəmə gəlməsi ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi ictimai marağı və bu mövzuda aparılan müzakirələri nəzərə alaraq rəy sorğusu keçirib. Respondentlərə “Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?” sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib.
Bundan başqa, dərslərin sentyabrın 1-də başlamasını orta təhsillilərin 63,8%-i texniki və ya peşə təhsillilərin 72,6%-i, ali təhsillilərin 75% dəstəkləyib. Ailə vəziyyəti evli olanlar (69,2%), dövlət sektorunda çalışanlar (71%) və təqaüdçülər (83,3%), şəhərdə yaşayanlar (71.1%) da tədris ili üçün bu tarixi daha məqsədəuyğun hesab edib.
Məsələ ilə bağlı təhsil üzrə ekspertlər də həmfikirdirlər. Belə ki, təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, dərs ilinin başlanma vaxtının 15 gün irəli çəkilməsinin təhsilin keyfiyyətinə müsbət təsirindən çox mənfi təsirləri olub və buna görə də o, dərslərin sentyabrın 1-dən başlanması təklifini dəstəkləyir:
"Tədris ilinə sentyabrın 1-dən başlanılması Sovet dövründən qalma ənənə hesab olunduğu üçün dəyişdirildi. Ancaq bunu o dövrün ənənəsi hesab edib dəyişmək doğru qərar deyil. Bu illər ərzində biz bu dəyişikliklə elə bir nailiyyət də əldə etmədik, şagirdlərin dərs yükü də azalmadı. Təhsil Nazirliyinin dərs ilinin başlanma və başa çatma vaxtının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə təklif verməlidır. Dərslər sentyabrın 15-i yox 1-i başlamalıdır".
Təhsil üzrə ekspert Elşən Qafarov isə bildirib ki, tədris sentyabrın 1-də başlasa, daha yaxşıdır. Biz də artıq dünya təcrübəsindəki kimi 36 həftəlik tədrisə keçməliyik. Bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edəcək".
Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, ölkəmizdə də sovet dönəmində tədris ili sentyabrın 1-dən hesablanırdı və bu, çox uğurlu seçim idi:
"Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar".
Göründüyü kimi, həm nazirin öz şəxsi düşüncəsini əks etdirən fikirləri, həm keçirilən rəy sorğusunun nəticələri, həm də mütəxəssislərin fikirləri dərslərin sentyabr ayının 1-də başlanmasının daha doğru olduğunu göstərir.İndi ancaq ictimai dəstək də qazanan bu təklifin Elm və Təhsil Naziliyi tərəfindən irəli sürülməsi və Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi qalır.