Nazir iki Vətən müharibəsi iştirakçısını vəzifəyə təyin etdi – FOTO
Azərbaycanda daha iki Vətən müharibəsi iştirakçısı ümumtəhsil müəssisəsində vəzifəyə əyin olunub.
Vətən müharibəsi iştirakçısı Nicat İqbal oğlu Babazadə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, elm və təhsil nazirinin müvafiq əmri ilə Yardımlı rayonu Kürəkçi kənd R.C.Əliyev adına tam orta məktəbinin direktor vəzifəsinə təyinat alıb.
Yardımlı rayonu R.C.Əliyev adına Kürəkçi kənd tam orta məktəbin coğrafiya müəllimi olan Nicat Babazadə Füzuli və Xocavənd rayonlarının düşməndən azad olunması zamanı manqa komandiri kimi ona verilən tapşırıqları layiqincə yerinə yetirib.
Nicat Babazadə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Azərbaycan Respublikası müharibə veteranı” vəsiqəsi ilə təltif olunub.
Digər Vətən müharibəsi iştirakçısı Məhərrəm Şahgəldi oğlu Əliyev isə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.
Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbin coğrafiya müəllimi olan Məhərrəm Əliyev Füzuli, Xocavənd, Hadrud, Şuşa və Laçın rayonlarının düşməndən azad olunması zamanı ona verilən tapşırıqları layiqincə yerinə yetirib.
Məhərrəm Əliyev Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.