Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir
Dekabrın 15-də Astara rayonunun Artupa kənd tam orta məktəbində "Ümumi və ali təhsil müəssisəsi üzrə pilot layihənin tətbiqi barədə” təhsil nazirinin 2017-ci il 27 noyabr tarixli əmrinin icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Aztəhsil.com xəbər verir ki, tədbirdə pilot layihənin iştirakçıları olan Astara və Yardımlı rayonlarının təhsil işçiləri, Lənkəran Dövlət Universitetinin (LDU), Astara Pedaqoji Kollecinin, Lənkəran Humanitar Kollecinin müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova pilot layihə barədə məlumat verib.
Bildirib ki, ali təhsil müəssisələri ilə səmərəli pedaqoji əməkdaşlıq yaratmaqla ümumtəhsil məktəblərində yaradıcı və təşəbbüskar mühitin təmin edilməsinə, tədris-metodiki işlərin effektiv qurulmasına, müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin davamlı inkişafına, eləcə də qabaqcıl pedaqoji təcrübə nümunələrinin aşkara çıxarılıb yayılmasına elmi-təşkilati dəstək göstərmək məqsədilə Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihə həyata keçirilir.
Layihədə LDU, Astara və Yardımlı rayon təhsil şöbələrinin elmi-pedaqoji əməkdaşlıq sahəsində 2017-2018-ci və 2018-2019-cu dərs illəri üzrə birgə Tədbirlər planının hazırlanması, ümumtəhsil məktəblərində keçirilən fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə kömək məqsədilə təlimlərin, konfrans, seminar və "dəyirmi masa”ların keçirilməsi, LDU-nun ayrı-ayrı fənlər üzrə professor-müəllim heyətinin nümayəndələri tərəfindən məktəb müəllimlərinə ustad dərslərinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev çıxışında bildirib ki, Lənkəran Dövlət Universitetinin təşəbbüsünə əsasən, ali təhsil ocağı ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihənin icrasına başlanılıb. İki ili əhatə edəcək layihənin gələcəkdə öz töhfələrini verəcəyini vurğulayan R.Ağayev, pilot layihənin icrasının yekunlarının Təhsil Nazirliyində müzakirə edilərək müvafiq qərar qəbul olunacağını diqqətə çatdırıb.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qeyd edib ki, 2500 nəfərin çalışdığı ali təhsil ocağı "Şəffaf universitet, sağlam təhsil və keyfiyyətli məzun” devizi ilə fəaliyyət göstərir. Pilot layihənin uğurlu nəticələrinin birgə fəaliyyətdən asılı olduğunu vurğulayan N.İbrahimov, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov layihənin əhəmiyyətini yüksək dəyərləndirərək, bunun müəllimlərin peşə bacarıqlarının və şagirdlərin təlim nailiyyətlərinin inkişafına, məktəblilərin fənlər üzrə ixtisaslaşmasına və peşə yönümünə müsbət təsir göstərəcəyini bildirib.
Tədbirdə çıxış edən LDU-nun müəllimləri Yədulla Ağazadə və Kamran Kazımlı, Astara Təhsil Şöbəsinin metodkabinetin müdiri Emin Fətəliyev, Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Həşimova və valideyn Girdənaz İsgəndərova pilot layihə ilə bağlı rəy və təkliflərini bildiriblər.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.