Nadir Israfilov-Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər.
Novruz bayramı ərəfəsi, gəncliyimin “oğlan çağı” idi. Fövqaladə vəziyyət elan olunmasına, komendatura rejiminin tətbiq edilməsinə baxmayaraq, xalq öz milli-mənəvi dəyərlərinə biganə deyildi, gizli və açıq formada bayram əhval- ruhiyyəsi hiss olunurdu. Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər.
Nəsimi rayonu Təhsil şöbəsinin müdiri idim. Xəbər gəldi ki, təcili olaraq o zamanlar “Qorkom” adlanan Bakı şəhər partiya komitəsinin büro iclasına gəlməliyəm. Hətta, hansı məsələnin müzakirə olunacağı barədə belə məlumat vermədilər. Deyilən vaxtda Qorkomda oldum. Büro iclasına xeyli məktəb direktorları, universitet rektorları və digər rəhbər işçiləri toplamışdılar. Zalda əyləşənlər içərisində rəhbərlik etdiyim təhsil müəssisələrinin işçilərindən bir neçə nəfəri də gözümə dəydi.
İlk olaraq, paytaxtda vəziyyətin gərginliyi səbəb gətirilərək hər hansı bir müzakirəyə ehtiyac olmadığı barədə qabaqcadan xəbardarlıq etdilər. Qısa məlumat xarakterli arayışın oxunuşundan sonra, büronun arayışdan dəfələrlə uzun qərarı oxundu. Cəzalandırılanlar içərisində mən də var idim. O zamanlar üçün dəbdə olan “За политической близорукости” (siyasi uzaqgörənliyini itirdiyinə görə) və s. ağır ittihamlara əsasən mən tutduğum vəzifədən azad olunurdum. Hamı ağzına su alıb susmuşdu.
Sən demə, müəllimlər və uşaqlar da daxil olmaqla, bir neçə təhsil müəssisəsinin kollektivı şəhidlərimizin ruhunu yad etmək üçün, milli geyimdə və bayram sovqatları ilə “Şəhidlər xiyabanı” istiqamətində hərəkət edərkən sovet hərbiçiləri tərəfindən “yaxalanmışlar” və dərhal bu barədə şəhər rəhbərliyinə məlumat verilibmiş. Bu isə fövqaladə vəziyyətlə bağlı rejimin “normativlərinə” zidd imiş...
Yeganə müdafiəmə qalxan Raykomun I katibi mərhum Afiyəddin Cəlilov oldu. Büro üzvləri onun hörməti və nüfuzu qarşısında duruş gətirə bilmədilər. Mənim bir müddət əvvəlki partiya töhmətimi yada salanların can-fəşanlığı da elə bir səmərə vermədi. Nəhayət, uzun çək-çevirdən sonra, “tutduğu vəzifədən azad olunma” cəzası, “partiya uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət”lə əvəz olundu. Əvvəlki töhməti isə mənə elə həmin büroda bir sıra ermənilərin Respublikamızı tərk etmələrinə mane olmadığıma, yəni öz xahişləri ilə işdən azad olunmaları barədə ərizələrini imzaladığıma görə vermişdilər.
Bununla belə, fövqaladə rejim “aşiqləri” öz inadlarından da əl çəkmədilər. Rejimə sədaqətlərini nümayiş etdirmək və komendaturaya yarınmaq üçün bir neçə öndə gedən rəhbər işçini, o cümlədən bizim rayonun bir məktəb direktorunu, onun müavinlərini, mədəniyyət klubunun müdirini tutduqları vəzifələrindən azad etdilər. Nə var, nə var klubun müdiri uşaqları milli geyimlə təmin etmiş və Novruz şənliklərinə hazırlaşmaq üçün onlara klubda şərait yaratmışdı.Arzu və ümid edək ki, bu, mənim və mənim kimi həyat yolu keçənlərin Novruz bayramı ilə bağlı son acı xatirəsi olsun...