Prokuror ana və iki azyaşlı övladını öldürən müəllimə ömürlük cəza istədi
Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Əhəd Əliyevin xüsusi amansızlıqla adam öldürmə, sağlamlığa ağır zərər vurmaqla quldurluq etmə və digər verilmiş ittihamlarla təqsirli bilinməsini, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini tələb edib.
Məhkəmə müdafiə çıxışı üçün vəkillərə vaxt verib.
Xatırladaq ki, hadisə ötən ilin fevral ayında paytaxtın Nizami rayonunda qeydə alınıb.
Fevralın 20-də 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kirayə yaşadıqları evdə kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu - 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.2.4(Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 181.3.3 (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub. Hadisə baş verən vaxt ev sahibi Fəsahət Qaraxanov Rusiyada olub.