AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
24 dekabr 2022
844


Qaydalı oyun nümunələri




5-6 yaşlı uşaqların əqli qabiliyyət, sosial bacarıq və özünəxidmət vərdişlərinin inkişafına, həmçinin məktəbə adaptasiyasına dəstək üçün sizə İnstitutumuzun əməkdaşı, uşaqların erkən inkişafı üzrə mütəxəssis Fərqanə Seyidlinin müəllifi olduğu oyunları təqdim edirik.


Məktəbəhazırlıq qrupu ilə çalışan müəllimlər, ibtidai sinif müəllimləri, pedaqoqlar, psixoloqlar, sosial işçilər və valideynlər bu oyun nümunələrindən faydalana bilərlər.


“Zaman təkəri”


Resurs: rəngli dairələr və ya təbaşir


Qayda: təlimata uyğun çevik hərəkət etmək


Məqsəd:


"dünən”, "bu gün”, "sabah” sözlərini yerində işlətməyi öyrətmək;


vaxt anlayışını formalaşdırmaq.


Oyunun təsviri


Uşaqların sayına görə 2 rəngdə dairə çəkilir. Dairənin biri döşəmədə, digəri isə uşağın arxasında olan divarda çəkilir. Uşaqlar döşəmədə olan dairədən arxada, divarda olan dairədən isə əvvəldə dururlar.


Müəllim deyir:


- Dünən yağış (qar) yağmışdı.


Uşaqlar yerindən tərpənmədən arxaya dönməli, arxadakı dairəyə iki əlləri ilə vurmalı və əvvəlki vəziyyətlərinə qayıtmalıdırlar.


Müəllim bu dəfə deyir:


- Sabah yağış yağacaq.


İndi uşaqlar öndə olan döşəmədəki dairənin içinə hoppanmalı, sonra isə əvvəlki vəziyyətlərinə qayıtmalıdırlar.


Müəllim deyir:


- Bu gün yağış yağır.


Uşaqlar yerindən tərpənmirlər.


“Lentləri ayır”


Resurslar: zəngli saat, uşaqların sayına görə sarı və yaşıl rəngli bərabər uzunluqda (30 sm), müxtəlif enli (10 sm və 15 sm) lentlər, stul


Qayda: enli və ensiz lentləri ayrı tərəfə yığıb, stulun ayağına dolamaq


Məqsəd:


müqayisənin nəticələrini sözlərlə (“enli”, ”ensiz”, ”daha enli”, "daha ensiz") ifadə etmək bacarığını inkişaf etdirmək;                     


əşyaları qruplaşdırmaq bacarığını inkişaf etdirmək;


əməkdaşlıq bacarıqlarını formalaşdırmaq.


Müəllim oyunun şərtini izah edir: 3 dəqiqə ərzində kim daha çox lentlərlə öz stulunun ayaqlarını dolasa, həmin uşaq qalibdir. Ancaq lentlər yalnız bir layla örtülməlidir.


Qeyd: Oyunun sonunda uşaq anlamalıdır ki, stolun ayağını çoxlu sayda lentlərlə dolamaq üçün ensiz olanları seçməlidir. Uşaqlar bunu anlayana qədər oyun davam etdirilir.


"Saat neçədir?"


Resurslar: 1-dən 12-ə qədər rəqəmli kartoçka, uzun və qısa saat əqrəbini əvəzləyən karton ox


Qayda: verilmiş təlimata uyğun vaxtı tapmaq


Məqsəd:


saatla bağlı “tam, yarısı” anlayışları haqqında bilikləri möhkəmləndirmək;


təlimatı anlamaq bacarığı formalaşdırmaq;


diqqəti inkişaf etdirmək.

Oyunun təsviri - I variant


On iki uşaqdan ibarət dairə düzəldilir. Dairədə duran uşaqlar 1-dən 12-ə qədər olan kartoçkaları əlində tuturlar – bununla onlar saat obrazı yaradırlar. Ortada isə əqrəb obrazında 2 başqa uşaq dayanır, onların birinin əlində qısa, digərində isə uzun ox olur.


Oyunu başlamaq üçün müəllim 5-ə qədər sayır. Müəllim 5-ə qədər sayanda ortada durmuş uşaqlar bir-biri ilə pıçıldaşıb əlindəki oxu dairədə duran uşaqlara yönəldirlər. Üzərinə ox yönəlmiş uşaqlar yerə otururlar.


Müəllim “stop” komandasını verir və uşaqlardan soruşur:


- Saat neçədir?


Uşaqlar vaxtı tapmalıdırlar.


Oyunun təsviri - II variant


Oyunu aşağıdakı variantda da oynamaq olar:


Müəllim deyir:


- Saat 2-dir.


Həmin vaxtı göstərmək üçün ortada duran uşaqlar öz oxlarını dairədəki 2 və 12 rəqəmlərini tutmuş uşaqlara yönəldirlər. Saat obrazındakı həmin uşaqlar yerə otururlar. Müəllim uşaqların vaxtı düzgün göstərib-göstərmədiyini digər uşaqlardan soruşur. 


“Tayını tap”


Resurslar: Müxtəlif mövzuda şəkilllər


Qayda: baxışların köməyi ilə qarşı tərəflə yerdəyişmə etmək


Məqsəd:


əşyaları qruplaşdırmaq bacarığını formalaşdırmaq;


təlimatı anlamaq bacarığı formalaşdırmaq və diqqəti möhkəmləndirmək;


kollektivdə dostluq atmosferi yaratmaq.


Oyunun təsviri


Uşaqlar əllərində müxtəlif mövzuda şəkillər (meyvə, tərəvəz, heyvanlar və s.) tutaraq dairədə otururlar. Müəllim hər hansı bir mövzuda danışır. Məsələn: payızda çoxlu meyvələr yetişir. Əlində meyvə şəkli olan uşaqlar danışmadan, yalnız baxışları ilə özlərinə dost seçib, yerlərini dəyişirlər. Düzgün yerdəyişmə edən uşaqlar qalibdir. Bu hərəkət bir neçə dəfə təkrarlanır və sonda müəllim seçimləri uşaqlarla birlikdə müzakirə edir.


"Dəsmalları ayır"


Resurslar: bərabər uzunluğu (30 sm), fərqli eni (10 sm və 15 sm) olan çox sayda müxtəlif rəngli dəsmallar və səbət (uşaqların sayına görə)


Qayda: enli və ensiz dəsmalları ayırmaq


Məqsəd:


üst-üstə qoyma üsulu ilə əşyaları eninə görə müqayisə etmək bacarığını formalaşdırmaq;


müqayisənin nəticələrini sözlərlə (“enli”, “ensiz”, ”daha ensiz”, "daha enli") ifadə etmək bacarığını inkişaf etdirmək;


əşyaların enini göstərmək bacarığını formalaşdırmaq.


Oyunun təsviri


Müəllim müxtəlif ölçülü dəsmalları masanın üzərinə qarışıq şəkildə qoyur. Birinci mərhələdə aşağıdakı tapşırığı verir: Ölçüləri eyni olan dəsmalları tapıb səbətə yığın.


İkinci mərhələdə isə uşaqlar dəsmalları eyni rəng və ölçülərinə görə seçirlər. 


"Kim kənarda qaldı"


Resurslar: təbaşir və ya rəngli skotç


Qayda: Təlimata uyğun çıxış yolunu axtarıb tapmaq


Məqsəd:


sürətli qərar vermə, koordinasiya, yaradıcı yanaşma, əməkdaşlıq bacarıqlarını formalaşdırmaq.


Oyunun təsviri


Yerdə 2 kiçik kvadrat çəkilir. Uşaqlar iki komandaya ayrılırlar. Müəllim deyir: 


- Hər iki komanda çalışmalıdır ki, komandanın bütün üzvləri kvadratın içərisinə yerləşsinlər. Amma bunu necə edəcəyinizi özünüz tapmalısınız. Müəllim vaxtı təyin edir və oyun başlayır. Bütün komanda üzvlərini kvadrata yerləşdirə bilməyən tərəf uduzur. 


"Kəndirbaz"


Resurslar: təbaşir və ya skotç, uşaqların sayına görə xətkeş və ya qısa ip (30 sm)


Qayda: qaməti düz saxlamaqla və müxtəlif əl hərəkətləri etməklə xəttin üzərində yerimək


Məqsəd:


vestibulyar aparatı inkişaf etdirmək;


böyük və kiçik motorikanı inkişaf etdirmək.


Oyunun təsviri


Müəllim təbaşirlə döşəməyə düz xətt çəkir. Uşaqlar xətti kanat kimi təsəvvür edirlər və sıra ilə üzərindən keçməlidirlər. Xəttin üzərindən keçən zaman müəllim uşağa müxtəlif təlimatlar verir. Məsələn, xətkeşi (ipi) iki əlinlə yapışaraq önündə, aşağıda, sağda, solda və s. tut.


Uşaq qamətini düz saxlamaqla, əlindəki xətkeşin yerini dəyişir və xəttin üzərində yeriyir. Əgər o, tapşırıqları yerinə yetirərkən ayağını xətdən kənara qoysa, kanatdan yıxılmış hesab edilir və oyundan kənarlaşdırılır.


Qeyd: Oyunu daha da çətinləşdirmək istədikdə uşaqlara bu tapşırıqları gözüyumulu etməyi də tapşırmaq olar.


"Günəş sistemi"


Resurs: təbaşir


Qayda: uşağı tutmaq


Məqsəd:


Yer planeti və Ayın hərəkəti haqqında təsəvvürləri formalaşdırmaq;


fiziki aktivliyi təmin etmək.


Oyunun təsviri


Döşəməyə böyük dairə çəkilir. İki uşaq seçilir. Onlardan biri “Günəş”, digəri isə “Ay” olur. Qalan uşaqlar isə “Yer” planetidirlər. “Yer” planeti dairənin kənarında, “Günəş” isə içindədir. “Günəş” əl çalır. “Yer planet”ləri öz oxu ətrafında yavaş-yavaş firlanır və günəşin dairəsinin kənarına yaxınlaşırlar. Onlar dairəyə yaxınlaşdıqca artıq firlanmırlar və qaçmağa başlayırlar. “Günəş” isə uşaqlardan birini tutmağa calışır. Uşaqlar tutulacağını hiss edəndə “Ay”ı çağırır. Ay gəlib “Yer”in yanında, “Günəş” və “Yer” arasında qaçır. Bu zaman “Günəş” başqa “Yer planet”ini tutmağa çalışır. Əgər “Ay” gələnədək günəş əlini uşağa (“Ay”ı çağıran uşağa) vura bilirsə, tutulmuş uşaq “Günəş”, digəri isə “Yer planet”inə çevrilir. 


"Sehrli lampa"


Resurslar: zəngli saat, uşaqların sayına görə müxtəlif rəngdə lentlər, lampa.


Qayda: enli lentləri bir yerə, ensizləri isə ayrı tərəfə yığıb, lampanın üzərinə dolamaq


Məqsəd:


müqayisənin nəticələrini sözlərlə (“enli”, “ensiz”, “daha enli”, "daha ensiz") ifadə etmək bacarığını inkişaf etdirmək;                     


əşyaları qruplaşdırmaq bacarığını inkişaf etdirmək;


əməkdaşlıq bacarıqlarını formalaşdırmaq.


Oyunun təsviri


Müəllim oyunun şərtini izah edir: 2 dəqiqə ərzində hər bir komanda lentlər vasitəsi ilə lampanı dolamalıdır. Sonda müəllim lentlə dolanmış lapmaları yandırıb alınmış rəngi uşaqlarla birlikdə müşahidə edir. Hansı komanda lampanı daha az lentlə tamamilə örtəcəksə, həmin komanda qalib gələcək.


Qeyd: Lentləri uşaqlar özləri seçməldirlər. Oyunun sonunda uşaqlar anlamalıdırlar ki, lampanın üzərini daha tez və az sayda lentlə örtmək üçün enli lentlərdən isifadə etmək lazımdır. Uşaqlar bunu anlayana qədər oyun davam etdirilir.


"Qırıq kamera"


Resurslar: şəkil, rəngli markerlər, lövhə


Qayda: eşitdiyini düzgün təsvir etmək


Məqsəd:


Sözlərlə təsvir etmək, dinləyib-anlama bacarıqlarını və yaddaşı inkişaf etdirmək.


Oyunun təsviri


Uşaqlar dairə yaradırlar. Dairədən bir uşaq çağrılır və ona sadə elementli şəkil (şəkildə 1-3 arası element olur. Məsələn, yolkanın yanında hədiyyə) göstərilir. Uşaq dairəyə qayıdıb, həmin şəkli qonşu uşağın qulağına pıçıldayır. Qonşu uşaq da məlumatı növbəti uşağın qulağına çatdırmalıdır. Beləliklə, məlumat bu formada, sözlərlə dairədəki sonuncu uşağa ötürülür. Sonuncu uşaq eşitdiyini lövhədə çəkir. Əgər onun çəkdiyi ilkin şəkil ilə uyğun olursa, qrup qalib gəlir.


Qeyd: Əgər oyunda uşaqların sayı azdırsa (5-ə qədər), onda müəllim vaxt qoyur və uşaqları tələsdirir. Uşaqlar şəkildə gördüyünün adını, rəngini, ölçüsünü, bir sözlə, hər şeyi təsvir edə bilərlər.  


"Tap görüm"


Resurslar: top, rəqəmli kartoçkalar


Qayda: tək və cüt rəqəmləri ayırd etmək


Məqsəd:


qonşu ədədlər anlayışını və diqqəti inkişaf etdirmək


Oyunun təsviri


Uşaqlar əvvəlcədən rəqəmli kartoçkaları seçib, onu heç kimə göstərmirlər. Sonra dairə şəklində düzülərək topu bir-birinə atırlar. Tək rəqəmli olan uşaqlar öz rəqəmini deyir və istədiyi uşağa topu atırlar. Məsələn, əgər topu tutan uşaq cüt rəqəmlidirsə, o, deyir: Mən 1-dən çox, 3-dən azam. Tap görüm, hansı rəqəməm? Uşaq düzgün cavab verirsə, davam edir. Yalnış cavab verirsə, oyundan çıxır.  


Qeyd: Bunu eyni formada tək rəqəmlərlə də oynamaq olar.


"Saat"


Resurs: 1-dən 12-ə qədər rəqəm şəkli, qısa və uzun ox (saat əqrəbləri)


Qayda: təlimata uyğun vaxtı və fəaliyyəti düzgün göstərmək


Məqsəd:


saat anlayışı haqqında bilikləri möhkəmləndirmək;


komandada işləmək bacarığını formalaşdırmaq.


Oyunun təsviri


Müəllim rəqəmləri dairə formasında yerə düzür. Uşaqlar 2 komandaya ayrılaraq, dairədən kənarda dağınıq formada durur və ya yerlərində otururlar. Muəllim hər hansı bir faəliyyəti səsləndirir. Məsələn, “Axşam saat 10:00-dur, yatırıq”. Uşaqlar saatın əqrəblərini düzgün yerləşdirib, həmin fəaliyyətə uyğun hərəkəti göstərirlər. Hər iki tapşırığı düzgün edən komanda qalibdir.


"Həftənin günlərinin adları"


Resurs: həftənin günlərinin adlarının simvolları (məsələn, bazarertəsi sarı rəngli üçbucaq, çərşənbə axşamı yaşıl üçbucaq və s.)


Qayda: verilən təlimata əsasən hərəkət etmək


Məqsəd:


həftənin günləri haqqında bilikləri möhkəmləndirmək;


vaxt anlayışının formalaşdırmaq.


Oyunun təsviri


Birinci mərhələdə müəllim uşaqların sinəsinə həftənin günlərinin adını sancır və tapşırıq verir:


- Həftəiçi günlər (həftənin iş günləri), bir komandaya düzlən!


 Üzərində həftəiçi günlər olan uşaqlar komandalara yığılır (şənbə və bazar günü istisna olmaqla). Ən tez yığılan komanda qalib olur.


Əgər uşaqlar birinci mərhələni uğurla mənimsəyiblərsə, ikinci mərhələdə müəllim deyir:


- Uşaqlar, həftənin günlərinin ardıcıllığına görə sıraya düzlənin!


Sıra ilə birinci düzgün düzlənmiş komanda qalib gəlir.


"Tip-top"


Resurs: rəngli boya


Qayda: qaməti düz saxlayaraq, müxtəlif əl hərəkətlərini gözü ilə koordinasiya etmək


Məqsəd:


gözün akkomodasiya qabiliyyətini inkişaf etdirmək;


göz əzələlərini möhkəmləndirmək.


Oyunun təsviri


Müəllim uşaqların şəhadət barmağının dırnağına boya sürtür (yaxşı olar ki, bu rəng yaşıl olsun, amma mütləq deyil). Uşaqlar oturaraq və ya ayaq üstə şəhadət barmağının yastıq tərəfini burunlarının üzərində saxlayırlar.


Müəllim “səma” dedikdə uşaqlar şəhadət barmağını çevirib boyanmış dırnağına baxaraq, əlini yuxarıya (aşağı, sağa, sola və s.) doğru aparır, “tip-top” dedikdə isə əvvəlki vəziyyətə qaytarırlar. Beləliklə, müəllim müxtəlif istiqamətdə komandalar verir. 


"Bitkilər"


Resurs: ağac, ot və ya onları imitasiya edən əşyalar


Qayda: təlimata uyğun uşağı tutmaq


Məqsəd:


bitkilər haqqında bilikləri möhkəmləndirmək;


fiziki aktivliyi təmin etmək.


Oyunun təsviri


Hər uşaq üçün bir bitki adı seçilir (göbələk, gül, meyvə və s.). Ətrafa ağac-stul, ot-xalça düzülür. Güllərdən biri oyunu başlayır. Məsələn, “qızılgül”. O, hansısa bitkini – “göbələyi” çağırır. “Göbələk” qaçır, “qızılgül” isə onu tutmağa calışır. “Göbələk” tutulacağını hiss edəndə ağacın yanında oturur və başqa bitkinin adını – məsələn, “alma” deyir və “qızılgül” “alma”nı tutmağa çalışır. “Alma” isə ağaca dırmaşaraq  stulun üstünə çıxır, başqa bitkinin adını çəkir. O zaman “qızılgül” adı çəkilmiş bitkini tutmağa çalışır.


Əgər “göbələk” ağacın yanında oturmadan başqa bitkinin adını deyirsə və tutulursa, o, uduzur və “qızılgül” qalib sayılır. Əgər “göbələk” ağacın yanında oturub, amma başqa bitki adı çəkmirsə və “qızılgül” onu tutursa, yenə “göbələk” uduzur və oyundan çıxır.


Qeyd: Eyni bitki adında bir neçə uşaq ola bilər. Hər bitki üçün öz yetişdiyi yer (göbələk üçün ağacın dibi, meyvə üçün ağacın budağı, tərəvəz üçün otluq və s.) təhlükəsiz məkan sayılır. Uşaq həmin məkanda başqa bitkinin adını çəkərək özünü xilas edir. 

tipii.edu.az 




Загрузка...
Həmçinin oxuyun:
İbtidai sinifdə maraqlı dərslər

İbtidai sinifdə maraqlı dərslər

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Əqli geriliyin   yaranma səbəbləri və aradan qaldırılma yolları

Əqli geriliyin yaranma səbəbləri və aradan qaldırılma yolları

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Rollu oyunlar   və onların faydaları

Rollu oyunlar və onların faydaları

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Digər ölkələrdə məktəblilər necə geyinir?

Digər ölkələrdə məktəblilər necə geyinir?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Bağça yaşlı uşaqlara yalnız həll edə biləcəkləri tapşırıqları verin” – Mütəxəssis MƏSLƏHƏTLƏRİ

“Bağça yaşlı uşaqlara yalnız həll edə biləcəkləri tapşırıqları verin” – Mütəxəssis MƏSLƏHƏTLƏRİ

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)