Nazir: “65 yaşı olan, sertifikasiya imtahanında yüksək nəticə toplayan müəllimləri sistemdə saxlayacağam”
“Müəllimin 65 yaşı var, amma sertifikasiya imtahanında yüksək nəticə toplayıb. Təbii ki, həmin şəxsləri avtomatik olaraq sistemdə saxlayacağam. 700 manatlıq bacarığı olmayan şəxs direktor olmaq istəməz”.
AzTehsil.com “Report” -a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.
Nazir bildirib ki, özəl sektorda çalışan müəllimlərin sertifikasiya imtahanlarına cəlbi hələ nəzərdə tutulmur:
“Ali məktəblərdə çalışan professor və peşəkar təhsil işçisini nəzəri olaraq sertifikasiya etmək mümkün deyil. Universitetlərdə keyfiyyətə nəzarəti yeni qəbul olunmuş akkreditasiya meyarları ilə təmin etmək mümkün olacaq”.
E.Əmrullayev əlavə edib ki, sistemdə olan hər bir müəllimin diplomu görülüb:
“Kiməsə bu gün saxta diplom vermək mümkün deyil. Bunu ancaq fotoşopla etmək mümkün ola bilər. Çünki bu gün hər şey elektronlaşdırılıb”.