Gəncənin 6 yaşlı qəhrəmanı Bəxtiyar: “Məni Polad Həşimova bənzədirlər, bununla fəxr edirəm” – VİDEO
Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 2 il ötür.
2020-ci ilin oktyabrın 11-də Ələkbər bəy Rəfibəyli küçəsində insanlar gecəni dəhşət və ölümlə qarşıladılar. Təxminən saat 10 radələrində Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı. Faciə yerindən dünyaya Ermənistanın dinc əhaliyə terrorunu əks etdirən dəhşətli görüntülər yayılırdı. Dünya bu kadrlarla yanaşı, sifəti qan içində olan 6 yaşlı balaca Bəxtiyarın təbəssümündə həm də Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini gördü. Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.
Bu gün həmin o balaca qəhrəmanın artıq 6 yaşı var və yeni mövsümə start verən ATV-nin “Bizimləsən” proqramına qonaq olub.
Tamaşaçılar önündə özündən danışan 6 yaşlı Bəxtiyar fəxr etdiyini bildirib:
“Salam. Mən Bəxtiyaram. Tanıdınız məni? Ermənilər Gəncəni raket atəşinə tutan zaman evimiz də dağıldı. Firavan həyatımız kabusa döndü. O anları yada salmaq çox çətindir. Çox dəhşətli anlar yaşadıq. Həmin anlar bir kino lenti kimi beynimdə canlanır. Prezidentimizin göstərişi ilə bizə yeni ev verildi. Təzə evimizin ən yaxşı yerində asılan bir şəkil var idi. O şəkildə anamın qucağındayam. Yaralanmış, üz-gözüm qan içində. Amma gözlərim qürurla baxır. Çünki qorxmurdum, mən şərəfli xalqın, Bəxtiyar oğluyam. Məni Polad Həşimova bənzədirlər və mən bununla fəxr edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Həmin görüntüləri təqdim edirik: