Valideynlərin DİQQƏTİNƏ! – Erkən yaşda məktəbə başlamağın zərərləri AÇIQLANDI
Hər bir dövlət uğurlu vətəndaşının olmağını istəyir. Buna görə də ölkələr vətəndaşlarının təhsil almağı üçün müxtəlif planlar tərtib edir. Hər bir ölkənin təhsil sistemi müxtəlifdir. Bəzi ölkələrdə ibtidai təhsil yaşı 3 yaşdan, digərlərində isə 7 yaşdan başlayır. Azərbaycanda isə ibtidai təhsil 6 yaşdan, məktəbəqədər təhsil isə 5 yaşdan başlayır. Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində qeyd edib ki, təhsil yaşı daha da azaldılmalıdır. Təhsil yaşının azaldılmasının uşaqlara necə təsir edəcəyi cəmiyyət üçün maraqlıdır.
Məsələ ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, erkən təhsilə başlamağın bir çox fəsadları var:
“Uşaqların 5-6 yaşından təhsilə başlamasının tərəfdarı deyiləm. Müasir cəmiyyətdə bunun müsbət təsir edəcəyini düşünsələr də, bir çox fəsadları var. Sovet dönəmində məktəblər yeddi yaşdan başlayıb. Həmin məktəbləri bitirən insanlar Azərbaycan elmi, mədəniyyəti, iqtisadiyyatı, siyasəti istiqamətində əvəzsiz işlər görüblər. O dönəmlər bizim intibah dövrümüz olub. Müstəqillik qazandıqdan sonra Avropa sisteminə inteqrasiya etdik. Boloniya sisteminə qoşulduq, yəni kurrikuluma keçdik. Bununla da uşaqlarımıza zehni zorakılıq tətbiq etməyə başladıq”.
Ekspertin fikrincə, təhsilimizi digər ölkələrlə müqayisə etməməliyik:
“Ola bilər ki, Yaponiyada, Koreyada məktəblər erkən yaşdan başlayır. Biz onlarla özümüzü, təhsilimizi müqayisə etməməliyik. Ona qalsa, dünyanın ən inkişaf etmiş təhsil sistemi Finlandiyadadır. Onlar məktəblərə 7 yaşdan başlayırlar. Təhsili müqayisə əsasında formalaşdırmaq düzgün deyil. Təhsil naziri də erkən təhsilə başlamağı hədəflədiyini qeyd edib. Əgər uşaqlıq dövrü tam keçirilməzsə, məktəbə uyğunlaşma uğursuz olur. Uşaq yeni mühitdə ağır proqramlara qalib gələ bilmir. Bununla da yüklənir və yorulur”.
Nadir İsrafilov bağçaların əhəmiyyətindən də bəhs edib:
“Məktəbəhazırlıq mərhələsi 5 yaşdan başlayır. Bunun üçün bağçalarda qruplar açılmalı və uşaqlar məktəbə yavaş-yavaş öyrəşdirilməlidirlər. Lakin Azərbaycanda bağçaların özəlləşdirilməsilə bu sistemə də zərbə vuruldu. Düzdür, özəlləşdirmə ilə bu sahənin inkişafı hədəflənmişdi. Lakin heç nə istənilən kimi olmadı. Özəlləşdirmədən sonra bağçalar söküldü, yerinə şadlıq sarayları, gözəllik salonları tikildi. Bu da defisit (izahı: “çatışmazlıq”) yaratdı. Bunu anladıqdan sonra da qərar verdilər ki, məktəbəhazırlıq qruplarını elə məktəbdə açsınlar. Sonra da düşündülər ki, həmin qruplar məktəblərdə açılıbsa, deməli artıq erkən təhsilə keçmişik. Bu düşüncəni ağlımızdan çıxarmalıyıq”.
O vurğulayıb ki, 6 yaşı olmayan uşaqların ibtidai təhsilə başlamağı fəlakətlə nəticələnə bilər:
“Məktəbin vəzifəsi bilik öyrətməkdən əlavə sağlam nəsil yetişdirməkdir. Ona görə insanlar sağlam övlad istəyirlərsə, övladlarının uşaqlıq dönəmini düzgün və tam şəkildə keçirmələrinə dəstək olmalıdır. İndi 7 yaşdan başlayan təhsil sisteminə qayıtmaq da bizim üçün müşkül məsələdir. Ona görə 6 yaş bizim üçün kifayətdir, ondan aşağısı fəlakətli olar”.
Psixoloq Fərqanə Mehmanqızı da təhsil yaşının getdikcə azalmasına münasibət bildirib. O, məktəbə erkən başlamağın travmalara səbəb ola biləcəyini söyləyib:
“Uşağı 5-6 yaşdan məktəbə qoymaq doğru deyil. Çünki həmin dövrlərdə uşaq məktəb üçün hələ tam hazır olmur. Bəzi uşaqlar istisnadır. Elə uşaqlar var ki, informasiyanı rahat şəkildə qəbul edirlər. Yenə də uşaqların erkən məktəbə göndərilməsinin əleyhinəyəm. Çünki məktəb nizam-intizam yeridir. Bu da övladlarımızı uşaqlıqdan alıb başqa bir cəmiyyətə qoyur. Uşağın həyatında yeni və daha çətin dönəm yaradır. Bu dönəmin 5-6 yaşda başlamağı uşaqda travmalara gətirib çıxara bilər. Hətta öyrənmə qabiliyyətini itirməyinə və tükənməsinə səbəb ola bilər. Həvəsi, marağı tez qırılar”.
Psixoloq praktiki öyrənmənin daha vacib olduğunu vurğulayıb:
“Özümüzü dünya ilə müqayisə etməməliyik. Bizim təhsil sistemi ilə onların təhsil sistemi eyni deyil. Onlar öyrənməyi kitabdan, dəftərdən nəzəri olaraq öyrənmirlər. Onların praktiki öyrənmə metodu var. Məsələn, uşağın əlinə yarpaq qoyaraq yarpağın necə, hansı rəngdə olduğunu deyirlər. Uşaqlar da bunu rahat öyrənir. Çünki övladlarımız 7 yaşına qədər görüntülü öyrənməyə meyllidir. İnsan doğulandan 2 yaşına qədər oral şəkildə öyrənir. Hər şeyi ağzı ilə tanımağa başlayır. Sonra eşitmə, görmə və toxunmaqla informasiya əldə etməyə davam edir. Yalnız 7 yaşından sonra nəzəri öyrənmə başlayır”.
Fərqanə Mehmanqızı qeyd edib ki, uşaqların məktəblərə hazırlanmasında bağçaların rolu danılmazdır:
“Bağça təhsil sistemimiz yaxşı vəziyyətdədir. Bağça müəllimləri uşaqları xarakterlərinə, fantaziyalarına uyğun olaraq öyrədirlər. Bu proses 7 yaşına qədər davam etsə, çox rahat şəkildə zeyni qavrama inkişaf edir. Əks təqdirdə uşaqlar məktəblərdə bir çox problemlə üzləşirlər”.
Psixoterapevt ibtidai sinif müəllimlərinin azyaşlılarla üzləşdiyi çətinlikləri də dilə gətirib:
“İbtidai sinif müəllimləri də 7 yaşına çatmayan uşaqlarla məşğul olarkən əziyyət çəkirlər. Məsələn, uşaq ayaqqabılarını çıxarıb partaya qoyur, dərsin ortasında oynamaq istəyir, yemək istəyir. İbtidai sinif müəllimləri bunu anlasa da, sistem uşaqlara rahatlıq vermədiyi üçün icazə vermirlər”.
Təhsil eksperti Nadir İsrafilov və psixoloq Fərqanə Mehmanqızının fikirlərindən belə nəticə çıxır ki, ibtidai təhsil 7 yaşdan başlamaq uşaqlar üçün daha uyğundur.Əks təqdirdə şagirdlərin öyrənmə bacarıqları düzgün şəkildə inkişaf etmir. Həmçinin uşaqların məktəbə hazır olmaqları üçün təhsil yollarının bağçadan keçməyi mühümdür.