AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
18 iyun 2022
926


Valideyninizi dəyişə, onlara tərbiyə verə bilməzsiniz - “Məktəbdə” LAYİHƏSİ




“Valideyninizi dəyişə, onlara tərbiyə verə bilməzsiniz. Növbəti nəsil bu reallıqla yaşamağı bacarmalıdır. Valideynin həyat təcrübəsi var. Onlar sizə seçim verir. Amma qərarınızı özünüz verməlisiniz”.


“Kaspi” qəzetinin məqaləsini təqdim edirik:


“Təhsil Nazirliyi yanında İctimai Şura nazirliklə cəmiyyət arasında körpü rolunu oynayır. Biz bu Şurada təmsil olunmaqla cəmiyyətin ehtiyaclarını nazirliyə, həmçinin nazirliyin cavablarını cəmiyyətə çatdırırıq”. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən “Məktəbdə” layihəsinin növbəti qonaqları Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, sədr müavini Gülməmməd Məmmədov, katibi Rüfət Əsədzadə və şura üzvü Pərvanə Məmmədova İŞ-nın fəaliyyətini qısaca belə ifadə etdilər.


Nizami rayonundakı 12 nömrəli tam orta məktəbdə keçən görüşdə qonaqlar həyat hekayələrini danışdılar, məktəbliləri maraqlandıran sualları cavablandırdılar.


“Uşaqlarla, gənclərlə görüşəndə müsbət enerji almaq olur”- deyən İŞ-nın sədri, Qeyri Hökumət Təşkilatlarına Dəstək Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova görüşə həvəslə gəldiyini dedi: “Əsas statusum valideynlikdir. Sizinlə haradasa həmyaşıd olan övladlarım var. Gənclər, uşaqlar, məktəb mənim üçün həmişə doğma olub. Öz övladlarımla ən yaxşı xatirələrimi paylaşanda məktəbdəki xatirələrimi bölüşürəm”. Şagirdlərə həyat hekayəsini danışan G.Səfərova qeyd etdi ki, 10-cu sinifdə oxuyanda həkim olmağa hazırlaşsa da, biologiya laboratoriyasındakı təcrübə zamanı “heç vaxt həkim ola bilməyəcəyəm” deyə ixtisas seçimini dəyişib: “Hüquq fakültəsinə qəbul oldum. 90-cı illərdə bu fakültədə oxumaq bir qədər çətin idi. Çünki tam formalaşmış hüquq sistemi yox idi. 17 yaşımdan isə QHT-lərə qoşuldum. Tələbə ola-ola işləmək ən doğru qərar idi. Siz də tələbə olarkən könüllü olaraq işləyə, hansısa layihələrə, təcrübə mübadiləsinə qoşula bilərsiniz. Bu, gələcəkdə sizin üçün yaxşı nəticə verəcək. Siz “Z-nəsil” uşaqlarısız. Mən bu nəsli çox sevirəm, tamamilə fərqli, azad fikirli, enerjilisiniz. Ən  əsası isə “Z uşağı” bizə Qarabağı qaytarıb. Onlara minnətdarlıq hissimiz var”. G.Səfərova İctimai Şuranın fəaliyyəti haqqında da məlumat verdi: “Təhsildə mövcud olan məsələlərlə bağlı təklifləri vermək və daha yaxşı olması üçün çalışmaq əsas məqsədimizdir. Bizim əsas tərəfdaşlarımız sizsiniz - şagirdlər, valideynlər, müəllimlər və məktəb direktorları... Sizin səsləndirdiyiniz fikirlər, təkliflər əsasında öz işimizi qurmaq istəyirik. Elə istiqamət seçək ki, ölkəmiz və gəncliyimiz üçün daha yaxşı olsun. Biz icma əsaslı məktəb yaratmaq istəyirik. Ərazidə yaşayan hər kəs “bu, mənim məktəbimdir” deyə bilsin. Bu baxımdan, yaxşı modellər hazırlayırıq”.


“Mən kimya müəllimiyəm”- deyə İŞ katibi, Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə yumor hissini gizlətmədi: “Sizin sevmədiyiniz fənni tədris edirəm. Amma kimya o qədər də çətin fənn deyil, sadəcə sevmək lazımdır. 10-11-ci siniflərdə şagirdlərin karyera maraqları daha çox önə çıxır. Bu dövrdə bizə dəstək olan, emosional durumdan çıxmağımıza doğru yol göstərən insanların yanımızda olması çox önəmlidir. Ona görə bu yaşda inandığınız bir müəllimi özünüzə mentor olaraq seçməlisiniz. İxtisas seçimində də bu çox önəmlidir Mənim 27 yaşım var, indi də iki mentorum var. Hər yaşda adama mentor lazım olur”. R.Əsədzadə “İlk növbədə hansı sahədə işləyəcəyinizlə bağlı maraqlarınızı müəyyənləşdirin”- deyə şagirdlərə tövsiyə verdi: “Mənim valideynlərim həkim olmağımı istəyirdilər. Amma mən riyaziyyatı və kimyanı sevirdim və kimyaçı  olmaq qərarına gəldim. Oxumaq səbəblərinizdən biri də özünüzə rifah qurmaqdır. Bunu tələbə ikən müəyyənləşdirib qərar versəniz, universitetdən təcrübəli olaraq məzun olacaqsız. Onda iş tapmağınız da asan olacaq”.


İŞ-nın üzvü Pərvanə Məmmədovanın həyat hekayəsi qeyri-formal təhsil sahəsi ilə bağlı  həyatında dəyişiklik etmək istəyən insanlar üçün maraqlı təcrübədir: “20 ildən çoxdur ki, Avropa Şurası ilə işləyirəm. Məktəbdə özgüvənim güclü olub. Orta məktəbi medalla bitirdim və institutun tətbiqi riyaziyyat və kibernetika fakültəsinə müsahibə yolu ilə qəbul oldum. Amma seçdiyim sahə üzrə işləmədim. 90-cı illərdə bu sahə inkişaf etməmişdi. Amma bu sahəni özüm öyrənməyə çalışırdım. Vətəndaş cəmiyyəti olan təşkilatın birinə kompüterdə işləməyə adam lazım idi. “Mənə pul lazım deyil, amma sizə kömək edə bilərəm” deyə təklif etdim. Kompüterə olan marağım məni bugünkü işimə gətirib çıxardı, peşəkar həyatımı dəyişdi. Vətəndaş cəmiyyəti fərqli bir sahə idi və mən özümü burda tapdım. Təlimçilərlə işlədim və bu şəbəkəyə üzv oldum. Atıq illərdir onlarla işləyirəm”. P.Məmmədova şagirdlərə “Heç kəsə görə heç nə etməyin, sadəcə, özünüzü tapmağa çalışın” deyə təcrübəsini bölüşdü: “İndi peşə təhsili ilə bağlı yaxşı imkanlar var. Düşüncə tərziniz, yanaşmanız dəyişməlidir. Biz hər hansı işi görürüksə, bunu sevə-sevə etməliyik. Nəyəsə cəhd etməkdən qorxmayın. Qızlarımızın savadlanması məsələsi də mənim üçün çox önəmlidir. Onların təhsilli, cəmiyyətdə fəal olub, qərar qəbuledici orqanlarda təmsil olunmalarını istəyirəm”.

İŞ-nin sədr müavini, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun həyatı isə gənclər üçün əsl örnəkdir: “BDU-nun fizika fakültəsini bitirmişəm. Bir il magistraturada təhsil aldıqdan sonra İtaliyanın Triest şəhərində Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzində magistratura pilləsini oxudum. Mərkəz yüksək enerjilər fizikası üzrə dünyadan 10 nəfər qəbul etmişdi ki, biri də mən idim. Bir il oxuduqdan sonra doktorluq pilləsində oxumaq üçün professorların məsləhəti ilə Amerika universitetlərinə müraciət etdim. Hazırkı Amerika prezidenti Co Baydenin də təhsil aldığı Nyu-York Sirakuz Universitetinə tam təqaüdlə qəbul aldım. Bu təqaüd universitetin ən nüfuzlu təqaüdü olmaqla yanaşı, xarici vətəndaşlara verilməyən təqaüd idi. Düşündülər ki, mənim nəzəri fizika biliklərim çox yaxşıdır və bunu tibb sahəsinə tətbiq etmək olar. Ona görə mən biotibb üzrə doktorluq dərəcəsi aldım. Paralel olaraq 8 ilə yaxın tədrislə məşğul oldum. Bir il Nyu-York Tibb Universitetində tədqiqatçı kimi işlədim. 2016-cı ildə Azərbaycana qayıtmaq qərarına gəldim. O vaxtdan ADA Universitetinin mühəndislik və informasiya texnologiyaları fakültəsində tədris edirəm. Fakültəyə daxil olan bütün tələbələrə dərs deyirəm. Bu da tələbələrlə elm və həyat təcrübəmi paylaşmaq üçün yaxşı fürsətdir. Atam deyirdi ki, müəllimlik müqəddəs sənətdir. Həyat elə gətirdi ki, mən müəllim oldum”. G.Məmmədov 6 yaşında olanda Laçın rayonundan məcburi köçkünlük həyatından, kitaba marağından, oxumaq üçün cəhdlərindən, onu elm yoluna aparan həyat yolundan danışdı: “Bu çətinliklər fonunda təhsil bir işıq yolu idi.  Bu yolla mən o çətinlikdən çıxdım və hər şey Amerikanın ən nüfuzlu universitetlərini qazanmağımla sonuclandı. Əgər mən edə bildimsə, siz on qatını edə bilərsiniz. Bu potensial sizdə var. Özünüz üçün maraqlarınızı müəyyən edin və onun arxasınca gedin”.


Şagirdlərdən birinin “Hər gün dəyişən dünyanın bu günün şagirdindən tələb etdiyi nələrdir?” sualına qonaqların cavabı maraqlı səsləndi. P.Məmmədova: “Harada olmaq istədiyinizi  bilməlisiniz. Gələcəyin peşələri var. İT sahəsi çox önəmlidir. Yolunuzu müəyyən edin. Özünüzə məktub yazın. Mütəmadi olaraq o məktuba baxın, görün getmək istədiyiniz yerə gedib çıxa bilmisinizmi? Bunu fəaliyyət planı kimi də edə bilərsiniz. Bir çox özünü qiymətləndirmə və inkişafetdirmə alətləri var.  Onların da üzərində işləyin”.


G.Məmmədov “Biz müəllimlərin bir funksiyası da sizi gələcəyə hazırlamaqdır” dedi: “Kritik düşüncə, öyrənib bilmə bacarığı çox önəmlidir. Sizə hər biliyi müəllim verə bilməz. Hər şey çox sürətlə dəyişir. Yeni situasiyalar yaranır. Ona uyğun özünüzü dəyişdirə bilməlisiniz. Özünüzə hədəfi elə qoyun ki, qarşınıza maneələr çıxanda motivasiyadan düşməyin. Hədəfiniz o qədər yüksək olmalıdır ki, enişə düşdükdə oradan günəşi görə biləsiniz. Əgər görməsəniz, o dərənin dibində ilişib qalacaqsınız. Qoyduğunuz hədəflərin 4-5-nə qədər gedib çıxa bilsəniz, həyatda uğur qazanmış olursunuz”.

R.Əsədzadə: “Problemi yaradan yox, həll edən adam olmalısınız. Son dövrün tələbi odur ki, etibarlı və dözümlü olmalısınız.  Onda sizə daha çox tələbat olacaq”.


Şagirdlər qonaqlara bu gün onları daha çox maraqlandıran sualı da ünvanladılar: “Çoxumuz təhsilimizi xarici universitetlərdə davam etdirmək istəyirik. Ölkə universitetlərindən fərqli olaraq xaricdə təhsil bizə nələr vəd edir?”


G.Məmmədov: “Xaricdə təhsil təkcə yaxşı təhsil demək deyil. Siz fərqli mədəniyyətin içərisinə düşüb formalaşırsınız, dünyanızı genişləndirirsiniz. Sizin üçün rahat olmayan zonadan çıxa bilsəniz, deməli, bu yaşda böyük bir qazanc əldə etmək üçün çalışırsınız. Verilən bilik dəyişmir. Eyni biliyi alanlar Google-da, Amazon-da işləyirlər. Əsas odur ki, siz biliyinizi genişləndirə bilirsinizmi? Digər tərəfdən, xaricdə təhsilin elə sahələri var ki, bizdə yoxdur. Mən tələbələri hər zaman təşviq edirəm ki, gedib xaricdə oxusunlar. Bu o anlama gəlmir ki, bizim təhsilimiz pisdir. Xaricdən də gəlib bizdə oxuyurlar. Bu, sizin üçün bir fərqlilik olacaq”.


G.Səfərova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiqləndiyini diqqətə çatdırdı: “Bu proqramda bütün xərclər qarşılanır. Bakalavr pilləsinə yer ayrılıb. Bu auditoriyada olanlar da müraciət edə bilərlər. Əminəm ki, o proqram uzanacaq, hər dəfə də dəyişəcək”.


“Nəsillərarası boşluq və səbəbləri”. Şagirdləri maraqlandıran növbəti sual bu oldu. “Bu boşluq həmişə olacaq” deyə R.Əsədzadə cavablandırdı: “Amerikada bu gərginlik iki dəfə kulminasiya nöqtəsinə çatıb. Gənc nəsil valideynlərin mühafizəkar yanaşmalarına qarşı üsyan edib və müəyyən bir sərbəstlik qazanıblar. Bunun bir hissəsi iqtisadi azadlıq olub. 2-ci gərginlik 60-cı illərdə olub. Musiqinin müxtəlif janrları yaranıb. Yeni nəsil artıq köhnə nəslin çərçivələri ilə yaşaya bilməyib. İnqilabi kəşflər o vaxt başlayıb. Apple  kompüteri, Bill Qeyts həmin nəsildir. Onlar keçmiş dəyərlərə qarşı üsyan edib sərbəstlik qazanan, dünyanı dəyişməyə töhfələr vermiş nəsildir”.


G.Məmmədov isə fikirlərini belə ifadə etdi: “Biz fərqli ölkəyik, ailə institutumuz fərqlidir. Övladların iqtisadi azadlığı müəyyən yaş dövründə baş verir. 20-30 yaşda sərbəstlik qazananda artıq onlarda o enerji qalmır ki, hansısa bir sərbəstlik ortaya qoysunlar.  Valideyninizi dəyişə, onlara tərbiyə verə bilməzsiniz. Növbəti nəsil bu reallıqla yaşamağı bacarmalıdır. Valideynin həyat təcrübəsi var. Onlar sizə seçim verir. Amma qərarınızı özünüz verməlisiniz. Buna hazır olun!”




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident uşaqlarla bağlı qanun imzaladı

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

VMA-nin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”adlı tədbiri

VMA-nin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”adlı tədbiri

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Nadir İsrafilov: Nazirlik və maraqlı tərəflər arasında körpü yaratmaq funksiyasını yerinə yetirmişik.

Nadir İsrafilov: Nazirlik və maraqlı tərəflər arasında körpü yaratmaq funksiyasını yerinə yetirmişik.

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU