Apellyasiya Komissiyasına 4208 şagird müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-13-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını təqdim edib.
DİM-dən bildirilib ki, Apellyasiya Komissiyasına 4208 şagird ərizə ilə müraciət edib. Bu ərizələrdə ümumilikdə 16 min 862 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1 milyon 91 min 736 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün müraciətlər bütün tapşırıqların cəmi 1,54 faizini təşkil edir.
Daxil olan müraciətlər araşdırılıb və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 1238 nəfərlə videogörüntü (“Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 2970 (onlardan 130-a yaxın şagird dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apellyasiyaya müraciət edənlərdən 562 şagirdin (bütün imtahan verənlərin 1,22 faizi) cəmi 616 tapşırıq (bütün tapşırıqların 0,06 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 68 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.
DİM şagirdlərin nəzərinə çatdırır ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.
Xatırladaq ki, bu imtahanlarda 46 min 115 şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 1 milyon 91 min 736 tapşırıq üzrə yazı işi yoxlanılıb.