İlham Əliyev xalqın birliyinin nə qədər möhkəm təməllərə dayandığını bütün dünyaya nümayiş etdirmiş oldu.
Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 aprel tarixində Şuşa şəhərində başlayan tarixi Zəfər qurultayında çıxış edərkən bütün dünyaya bu sözlərlə mesaj vermişdir.
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə edilən böyük Qələbə hər bir azərbaycanlının yaddaşında əbədi qalacaqdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli ordumuz 44 gün ərzində 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımızı düşmən əsarətindən azad etdi. Qısa müddət davam etməsinə baxmayaraq ordumuz işğal altında olan 5 şəhər, 4 qəsəbə və 286 kəndi geriyə qaytardı. 2020-ci ilin 8 noyabr tarixi isə Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Qəhrəman ordumuz tarixi,mədəni və strateji əhəmiyyətə malik, Qarabağımızın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Şuşanın azad edilməsi eyni zamanda tariximizə Qələbə Günü kimi yazılmış oldu.
Bu tarixi qələbəmizdən artıq 2 ilə yaxın müddət keçməkdədir. Əldə edilmiş tarixi qələbə nəticəsində Azərbycan artıq regionda yeni reallıqlar yaratmışdır. Bu gün dövlətimizin qarşısında duran ən böyük vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlara həyatın, insanlarımızın qaytarılmasıdır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş infrastruktur layihələri həyata keçirilir. Şuşanın azad olunduğu gün Ali Baş Komandanımız İlham Əliyev cənablarının xalqa müraciəti zamanı söylədiyi "Əziz Şuşa biz səni dirçəldəcəyik" sözləri artıq reallığa çevrilməkdədir. Tikinti meydanını xatırladan tarixi Şuşa şəhərində və digər işğaldan azad edilmiş bölgələrimizdə həyata keçirilən tikinti, quruculuq və abadlıq işləri birbaşa ölkə başçımızın nəzarəti altında edilir. Bununla yanaşı həmin ərazilərimizə səfər turları, eyni zamanda müxtəlif genişmiqyaslı tədbirlər keçirilməkdədir.
2022-ci il 22 aprel tarixində mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilmiş və tarixə Zəfər Qurultayı kimi düşmüş Dünya Azərbaycanlılarının V Qurultayı xüsusi əhəmiyyətə malik idi. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək və erməni vandalizmini bütün dünyaya çatdırmaq imkanı qazandırdı. Həmçinin Şuşa şəhərində keçirilmiş Zəfər qurultayı bir daha Azərbaycanın qüdrətini, milli həmrəyliyimizi, İlham Əliyev-Azərbaycan xalqı birliyinin nə qədər möhkəm təməllərə dayandığını bütün dünyaya nümayiş etdirmiş oldu.
Azərbaycan xalqına qalib xalq, ordumuza qalib ordu kimi şərəfli adları bizlərə bəxş etdiyinə görə Prezidentimizə sonsuz minnətdarıq!
Pərvanə Səfərova - Siyəzən şəhər 2 saylı tam orta məktəbin Uşaq Birliyi Rəhbəri