Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü – Araşdırma başladı
Ağdaş rayonu Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verdiyi iddia edilib.
Bildirilib ki, iki ibtidai sinif müəllimi məktəbdə təhsil alan uşaqların nənəsini döyüb.
Müəllimlərin uşaqları dərsə hazır olmadıqları üçün təhqir etdikləri qeyd olunub. Daha sonra uşaqların nənələri məktəbə gəlib və mübahisə düşüb.
İddia edilib ki, hadisə direktor otağının qapısı önündə baş verib, amma kamera görüntüləri silinib.
Qeyd edək ki, uşaqların nənəsi sözügedən məktəbdə texniki işçidir.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında tərəflərin izahatları alınıb:
“Döyüldüyünü iddia edən şəxslə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertizanın, eləcə də aparılan araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq”.