Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb.
“Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb.”
-Kitabdan söz düşmüşkən, bildiyimiz qədər ilk kitabınız Mehdi Mehdizadə barədə olub. Nədən, məhz akademik barədə kitab yazmaq fikrinə düşdüz?
- Bir daha təkrar edirəm, mənim nəinki kitab yazmaq, heç bu barədə düşünmək belə fikrimə gəlməyib. Əslində buna zamanım da olmayıb. Gərgin iş həftələri, müxtəlif tədbirlər, rəsmi görüşlər və s. Sadəcə olaraq, günlərin bir günündə, hansısa saytlardansa birində təxminən “Təhsil nazirlərindən kimləri tanıyırsınız və onlardan hansı birinin fəaliyyəti sizi qane edib?” kimi məzmunda bir sorğu ilə tanış oldum. Maraqlıdır ki, sorğu siyahısında 20-dən artıq nazir arasında nə az, nə çox, 23 il Azərbaycan maarifinə rəhbərlik edən, ölkəmizin hüdudlarından kənarda belə böyük nüfuza və hörmətə malik , ucsuz bicaqsız bir dövlətin-Sovetlər birliyinin Elmlər Akademiyasının həqiqi üzvü olan akademik Mehdi Mehdizadənin adı yox idi... Çox təsirləndim, mütəəssir oldum. Yadıma nə vaxtsa məzarını ziyarət etdikdən sonra yatıb yuxumda mənə dediyi sözlər düşdü: ”Nadir müəllim, mən təhsilimizi sizə belə təhvil verməmişdim. Niyə bu günə saldınız? Axı biz heç kimdən əskik deyilik!... “ Bir zamanlar məni gülərüzlə qarşılayan Mehdi müəllim sanki indi giley-güzar edirdi. Elə bil fikirlərim donmuşdu, istər-istəməz özümü günahkar saymışdım, cavab verə bilməmişdim...
Bundan bir müddət əvvəl isə əlimə keçən “Azərbaycan müəllimlərinin qurultayları” adlı iri həcmli bir kitabda 12 qurultaydan yalnız sonuncu 2 qurultaya başlıca diqqətin yetirilməsi, əvvəlki qurultayların təşkilində böyük əməyi olanların – Həsən bəy Zərdab, Əli bəy Hüseynzadə, Abdula Şaiq, Üzeyir Hacıbəyli, neçə-neçə təhsil fədailərinin, Azərbaycan təhsilini canı, qanı qədər sevdiyi Mehdi Mehdizadənin xeyli foto arasında şəkillərinin olmaması bir yana, onların təhsilə bağlılığına xala-xətrin qalmasın deyə epizodik yer verilməsi korifeylərimizə biganə münasibətin bariz nümunəsi kimi məni təsirləndirməyə bilməzdi. Əslində, belə kitabların o vaxt sanbalı olur ki, onların içərisində mizan-tərəzi gözlənilsin, hər bir qurultaya tarixi əhəmiyyəti, hər bir şəxsə təhsil sahəsində xidməti müqbilində yer ayrılsın. Bu kitabda isə həmin meyarların heç biri gözlənilməmişdi. Bu və əvvəlki hala hiddətlənməyə bilməzdim...
-Belə çıxmırmı ki, kitabın ərsəyə gəlməsində hiddətiniz başlıca rol oynayıb...?
Hiddətimi mətbuat səhifələrində dərc etdirdiyib bir yazımda bildirdim və onu da xüsusi olaraq qeyd etdim ki, bu gün təhsildə demokratikləşmənın, humanistləşmənın, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənın, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzərı irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Biz isə, totalitar rejimi pisləyirik, ancaq totalitar rejimdə demokratiklik nümanəsi olan nazirimizi gənc nəslə lazımınca tanıtmırıq. Mənəviyyata söykənən bu keyfiyyətlərsiz isə təhsil sahəsində aparılan istənılən islahatlar əhəmiyyətsizdir.
Yazı cəmiyyət tərəfindən xeyli dəstək qazandı. Onunla bağlı fikirlərimi davam etdirməyim xahiş olundu. Hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, gözütox, təmənnasız, millətsevər, xalqına bağlı bir insanın mənəvi keyfiyyətləri barədə öz şəxsi mülahizələrim kifayət etmirdi. Mehdi müəllimin müasirləri Hüseyn Əhmədov, Əbdül Əlizadə, Bəşir Əhmədov, Zahid Qaralov, Yəhya Kərimov, Əjdər Ağayev, Rəfiqə Mustafayeva, Vidadi Xəlilov kimi professorlarla, xüsusilə də onunla uzun illər çiyin-çiyinə çalışan, təhsilimizin qocamanlarından olan Nəcəf Nəcəfovla görüşüb söhbətləşdik, akademiklə bağlı xatirələrimizi bölüşdük. Beləcə, Mehdi müəllimlə bağlı xatirələrdən ibarət 50-yə yaxın yazım ayrı-ayrı mətbuat səhifələrində dərc olundu. Bu yazıların kim tərəfindən toplanaraq kitab halına salması və nəşr etdirməsi bu günə qədər də mənim üçün qaranlıq qalır.
Azərbaycanda orta təhsilin inkişafında müstəsna rolu olan akademik Mehdi Mehdizadənin o zaman gördüyü işlər və irəli sürdüyü ideyalar dövrü üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, indiki orta təhsil sisteminə də önəmli töhfələr vermişdir. Belə insanların xatirəsi həmişə əziz olmalıdır. Deməyim odur ki, bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub. Mən özüm də müəllim olmuşam, böyük bir müəllim ordusuna rəhbərlik etmişəm. Ali məktəblərdə gələcəkdə müəllim olanlara, İxtisas artırma və Yenidənhazırlanma kurslarında faktiki müəllim olanlara dərs demişəm. Ancaq, bu səviyədə belə mənim müəllimim akademik Mehdi Mehdizadə olub. Süleyman Rüstəmin təbirincə desək, “Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb...Yanımda bir müəlim adı çəkilən zaman Tez ayağa qalxıram bir məktəbli uşaqtək”
Davamı var.