Memarlıq və İnşaat Universitetinin rektoru tələbələrə əlçatandırmı…
Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.
Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?
Aztəhsil.com xəbər verir ki, modern.az-ın "Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer verilir.
Bu dəfəki sorğumuzu Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri arasında keçirdik. Universitetin rektoru professor, memarlıq doktoru, əməkdar memar Gülçöhrə Məmmədovadır.
Tikinti-iqtisad fakültəsi, Əfqan Həsənov Gülçöhrə Məmmmədova haqqında belə düşünür:
"Bu günə qədər şəxsən rektorla heç bir ünsiyyətim olmayıb. Hər hansı bir problemim olmadığına görə də müraciət etməmişəm. Amma şəxsi ünsiyyətim olmasa belə rektorla görüşlərdə tələbələrin müəyyən istəkləri olur. Rektor həmin istəkləri qəbul edir və yerinə yetirir”.
Nəqliyyat fakültəsi, Şəfəq Məmmədova: "Universitetə daxil olduğum gündən rektorla şəxsi heç bir ünsiyyətim olmayıb”.
Tikinti-iqtisad fakültəsi, İbrahim Fətəliyev: "1-ci kurs olduğuma görə rektorla hələ ki ünsiyyətdə olmamışam. Ciddi bir problemim olmayıb və qəbuluna düşmək üçün müraciət etməmişəm”.
İnşaat fakültəsinin tələbəsi Fərman Bayramov Gülçöhrə Məmmədova ilə heç bir ünsiyyəti olmadığına baxamayaraq rektorlarından çox razıdır. "Rektorla heç vaxt ünsiyyətim olmayıb, amma ondna razıyam”.
Tikinti-iqtisad fakütəsi, Cavid İbişov: "Rektorla heç bir zaman ünsiyyətdə olmamışam. Heç bir problemimin həllində də şəxsi köməkliyi dəyməyib”.
Nəqliyyat fakültəsi, Yusif Qulamov: "Demək olar ki, rektoru heç yaxından görməmişəm. Hər hansı ciddi bir problemim olmadığına görə də şəxsi müraciətim olmayıb”.
Tikinti-iqtisad fakültəsi, Emil Heseynli: "Rektorla görüşməmişəm, ünsiyyətim də olmayıb. Problemim olmadığı üçün müraciət də etməmişəm”.
Əhməd Qasımov: "Bir ay bundan əvvəl birinci kurslarla görüşdə ünsiyyətdə olmuşam. Universitetə qəbul olandan hər hansı ciddi problemlə qarşılaşmamışam deyə özünə şəxsən müraciət etməmişəm”.
Tikinti-iqtisad fakültəsi, Cəmil Məmmədov: "Üniversitetin ilk günlərində rektorla görüşümüz oldu. O vaxt sual-cavabda iştirak etdim və ünsiyyətdə oldum. Nə rektorla, nə də universitetlə hər hansı bir problemim olub”.
İnşaat fakültəsi, Elşad Əliyev: "Rektorumuz Gülçöhrə Məmmədova ilə son görüşümüz 19 yanvarda 20 Yanvarla bağlı təbdirdə olub. Bundan 1 ay əvvəl isə tələbələrlə görüşdə onların suallarını cavablandırıb. Mən də öz suallarımı verdim və suallarımın cavabını aldım. Bu cavabların mənə çox köməyi oldu. Rektorumuzdan çox razıyam”.
Nərgiz Səlimova (Şərti ad): "4 ildir ki, təhsil alıram. Rektorla nəinki ünsiyyətdə olmamışam, yaxından üzünü belə görməmişəm. Heç bir halda rektorumuzu tələbələr üçün əlçatan hesab etmirəm. Tələbələrə köməklik göstərdiyini eşitsəm də özüm və ətrafımda rektorla səmimi ünsiyyətin şahidi olmamışam”.
Sorğu keçirilən digər universitetlərin tələbələri kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələblərinin də əksəriyyəti ya ümumiyyətlə cavab verməkdən imtina etdilər ya da "qovulacam”, "aşağı kurslardan soruşun, mən deyə bilmərəm”, "onsuz da problemlərim var, başıma iş gələr”, "adım çəkilsə, problem yaranar” kimi ifadələrlə danışmaqdan imtina etdilər.