Prezident təqaüdçüsü qazandığı uğurdan DANIŞDI: “Səhvə yol verdim” - MÜSAHİBƏ
2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.
Qeyd edək ki, bu tələbələr 250 manat Prezident təqaüdü alırlar.
Prezident təqaüdünə layiq görülmüş I kurs tələbəsi Baxşəliyev Eldar Bakı şəhəri Elçin Şəmiyev adına 149 nömrəli məktəbin məzunudur. O, qəbul imtahanları zamanı 679.8 bal toplayıb. Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə ali təhsil alır.
Eldar həyatındakı uğura gedən yol haqqında Modern.az-a danışan Eldar həkim olmaq istəməsinin səbəbindən danışıb:
“Düşünürəm ki, Allahın insanlara bəxş etdiyi həyatı insanın gözəl yaşaması üçün səhhətinin sağlam olması lazımdır. Məhz bu sağlamlığın qorunmasında həkimlərin rolu böyükdür. Bu səbəbdən bu peşəni seçmişəm”.
Eldar dünyada əldə olunan müasir tibbi nailiyyətləri Azərbaycana gətirməyin əsas hədəflərindən olduğunu qeyd edib.
O, qəbul imtahanı zamanı hədəfinin 700 bal toplamaq olduğunu bildirib:
“Riyaziyyat, Fizika və İngilis dili fənlərindən bütün suallara doğru cavab verərək maksimal bal toplamışdım. Qalan 3 fənnin hər birindən sadə səhvlərə yol verdiyim üçün, təəssüf ki, istədiyim nəticəni ala bilmədim”.
Xaricdə təhsillə bağlı sualı isə bakalavr təhsilini Azərbaycanda alacağını qeyd edərək cavablandırıb:
“Rezidentura təhsilimi isə xaricdə davam etdirmək istəyirəm. Bu mənə digər ölkələrdəki tibbi-təcrübi biliklərə də yiyələnməyə imkan yaradacaq”.
Eldar özünü həkim-cərrah olaraq gördüyünü deyib.
O, son olaraq imtahanda uğur qazanmaq üçün şagirdlərin zamanı düzgün bölüşdürməli olduğlarını vurğulayıb:
“Seçdiyi ixtisasın tələb etdiyi fənləri əzbərçiliklə deyil, mənimsəməklə öyrənməlidir. Yuxu və qidalanma rejiminə ciddi əməl etməklə yanaşı istirahətinə də vaxt ayırmalıdır”.modern.az