Azərbaycanlı tələbə Eynşteynin oxuduğu universitetdə təhsil alacaq
Azərbaycanlı tələbə dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetində təhsil alacaq.
Lent.az xəbər verir ki, orta təhsilini Bakıda – Məktəb Lisey Kompleksində alan Rüfət Əsədli Qurbanəli oğlu bu məktəbi 2019-cu ildə Fərqlənmə diplomu ilə bitirib. Respublika Fənn Olimpiadalarında da yüksək mərhələlərə kimi aktiv iştirak edib.
Eyni ildə Çexiyanın paytaxtı Praqada yerləşən Çarls universitetinə İqtisadiyyat və Maliyyə ixtisası üzrə qəbul olub. Universitetdəki ilk ilin sonunda orta qiymətlərinə görə 5000 nəfərlik fakültədə ən yaxşı 10%-ə daxil olub. İkinci ilin sonunda isə 5000 nəfərin arasında ilk 1%-də yer alıb.
Rüfət Əsədli bildirib ki, bu illərdə məktəb və universitet dərslərindən əlavə rəsm və rəqslə də məşğul olub. Rəsm sahəsində Belorusiya (Minsk) və Amerikaya (Vaşinqton, Prezident Parkı) rəsm festivallarına və olimpiadalarına dəvət alıb, yer tutub. Daha sonra isə Gənclərin Beynəlxalq İncəsənət Fondu tərəfindən Afrikaya dəvət olunan dünyada 20 ən yaxşı gənc rəssamdan biri olub. Eyni zamanda Lüksemburq, Hollandiya və Belçikaya da dəvət alıb. Rəqs sahəsində isə 10-dan çox bal rəqsləri üzrə ölkədaxili yarışlarda iştirak edib.
R. Əsədli bildirib ki, universitetin ikinci ilində Paşa Sığorta ASC-də 5 ay müddətinə təcrübə proqramı keçib. 5 aylıq müddətin son dövrlərini şirkətin rəsmi əməkdaş kimi başa vurub.
O, növbəti və daha böyük uğuru barəsində aşağıdakıları bildirib:
“Universitetin son ilində isə artıq magistr təhsilimi almaq üçün universitetlərin sənəd qəbulu prosesinə mən də başladım. Belə ki, mənim üçün də prioritet olan ETH Zurich (Zürix Federal Texnologiya Universiteti) universitetinə sənəd göndərdim. Bu universitet Nobel mükafatçıları (A. Eynşteyn və s.) yetişdirməklə yanaşı, dünya sıralamasında da 7-ci yerdədir. Artıq bir neçə həftə əvvəl cavablar açıqlandı və mən Statistika və Data Elmləri sahəsində bu universitetə qəbul aldım. Zürixdə keçirəcəyim bu müddətdə uçan aparatların, xüsusilə dronların, süni intellekt tərəfindən neyron şəbəkələrinin köməyi ilə aşkar olunması sahəsinə fokuslanacağam və tezisim də eyni adlı konseptlə bağlı olacaq.”
Rüfət deyir ki, onun əsas məqsədi və arzusu ölkəmizdə də rəğbət görən PUA-lar üzrə ixtisaslaşmaqdır: “Bu idea barədə daha əvvəl də düşünməyimə baxmayaraq, artıq bu sahəni özümə araşdırma mövzusu kimi seçməyimdə Vətən Müharibəsinin də öz rolu olmuşdur. Başda Səlcuq Bayraktarın memarı olduğu məşhur “Bayraktar TB-2” PUA-ları hərb doktrinasında yeni bir səhifə açmışdı və başlıca olaraq bizim şanlı qələbəmizdə misilsiz rol oynamışdı. Lakin, məni ən çox heyrətləndirən texnologiyanın bu həddə çata biləcəyi və bir millətə hansı səviyyədə kömək edə biləcəyi gerçəyi oldu. Məhz buna görə də mən də texnologiyanın, xüsusilə PUA-ların və müdafiə sistemlərinin potensialını daha dərindən araşdırmağı arzulayır və planlayıram. Hətta çox istərdim ki, bu sahəni onun novator bilicisindən öyrənmək üçün yaxın gələcəkdə Səlcuq bəy və onun komandası ilə də əməkdaşlıq edim.