Direktor müavinləri təlimə cəlb olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni fəaliyyətə başlayan direktor müavinləri ilə görüş keçirilib.
BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktoru və direktor müavinləri iştirak ediblər.
BŞTİ-nin ümumi təhsil sektorunun müdiri Fuad Babayev giriş sözü ilə çıxış edərək təhsil idarəçilərinin Türkiyənin İzmir şəhərinə təlim səfərinin nəticələri və direktor müavinləri üçün təşkil olunmuş təlimin məqsədi ilə bağlı məlumat verib.
“Təhsilin keyfiyyətinin artırılmasında məktəb idarəçilərinin rolu” mövzusunda çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva yeni təyin olunmuş direktor müavinlərinin məktəb mühitinin səmərəli təşkili istiqamətində təcrübə qazanması baxımından bu cür təlimlərin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə fikirlərini bildirib, direktor müavinlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.
M.Vəliyeva eyni zamanda, pandemiya şəraitində tədrisin təşkili, liderlik keyfiyyətləri, effektiv idarəetmə, yaradıcı yanaşma, şagirdlərin təlim nəticələri, risklərin qiymətləndirilməsi, sağlam psixoloji-emosional durum, müəllim-valideyn münasibətləri, keyfiyyətə nail olmaq üçün tətbiq olunan yerli və beynəlxalq təcrübə və səmərəliliyin artırılması məsələlərinə də toxunub.
Tükiyənin İzmir şəhərinə təlim səfərində iştirak etmiş 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova direktor müavinlərinə “İşgüzar münasibətlərdə protokol qaydaları” və “İdarəedicinin ünsiyyət bacarığı” mövzularında təlim keçib.
Görüşdə, həmçinin direktor müavinlərinin şəxsi göstəricilərini və potensialını əks etdirən test sınağı aparılıb, onların fəaliyyətləri ilə bağlı özünüqiymətləndirmə sorğusu keçirilib.
Sonda məktəb mühiti, münasibətlərin tənzimlənməsi, maraqların toqquşmasından irəli gələn vəziyyətdə davranış, pedaqoji etika, strateji planlaşma, protokol qaydaları, qarşılıqlı ünsiyyət, məktəb-valideyn əməkdaşlığı və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.