"Xəstəlik dalğası mart ayına kimi davam edəcək" - Uşaqların yoluxmaması üçün nə etmək lazımdır?
"Pandemiya başlayan zaman qapanmalar oldu, xüsusilə də məktəblər, bağçalar bağlandı, uşaqlarda virusun yayılması xeyli azaldı.
İndi bu müəssisələr açıldığına görə, təbii ki, yenidən uşaqlar arasında əlaqələr yarandı və virusların mövsümi yayılması baş verdi.
Digər tərəfdən də ilyarım müddətində evdə oturmuş uşaqların immun sistemi zəiflədiyi və o viruslara uyğunlaşmaq vərdişi pozulduğundan, xəstəliklərin sürətlə yayılmasına gətirib çıxardı”.
XəzərXəbər bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müəllimi Qoşqar İsmayılov deyib. O bildirib ki, pandemiyanın səbəb olduğu stress insanlarda həm immun sistemini zəiflədir, həm də psixoloji problem yaradır:
"Yeni ildən sonra uşaqlar arasında yüksək hərarət, burunaxması şəklində baş verən yeni dalğa yarandı. Bu, hətta ailədə böyüklərə də keçir. Bəzi xəstələrdə hərarət 12 saat ərzində düşmür və məcbur olaraq stasionar müalicəyə cəlb edilir.
Bu virus sentyabr və oktyabr ayları ilə müqayisədə daha ciddidir və kəskin gedişlidir. Hətta bizə öskürəklə müraciət edən 5 uşaqdan 3-də pnevmoniyaya rast gəlinirdi. Viruslar əsasən yaz-payız aylarında ən çox inkişaf edir. Bizdə havalar yaz- payız kimi keçir.
Əgər qışda normal soyuq, şaxta hiss olsa, havalar mənfi dərəcəyə düşsə, viruslar bu qədər aktivliyini davam etdirməz”.
Mütəxəssis qeyd edib ki, indiki virus xəstələrinin statistikasına əsasən, çoxlarında COVID-19 neqativ çıxır:
"Yəni hazırkı dalğa həmişə olan viruslardır və bu proses mart ayına kimi tamamilə səngiyəcək.
Mən valideynlərə həmin müddətə qədər xəstə uşaqları məktəb və bağçaya buraxmamağı məsləhət görərdim. Eyni zamanda qida məhsullarının da keyfiyyətinə diqqət yetirilməlidir.
İnsanlar təbii və keyfiyyətli məhsullar almalı, gündəlik istifadə edilən ət, çörək, bitki tərkibli yağlar, təbii süd məhsulları və eləcə də mövsümdə yetişən meyvələrə üstünlük verilməlidir”. Sfera.az