Nadir İsrafilov-“İctimai Şuranın gəncləşdirilməsi məqsədi güdülürsə, üzvlərin sayı artırılmalıdır”.
“İctimai Şuranın gəncləşdirilməsi məqsədi güdülürsə, üzvlərin sayı artırılmalıdır”.
Bu sözləri təhsil mütəxəssisi Nadir İsrafilov deyib.
O, Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni üzvləri haqqında fikirlər bildirib:
“İctimai Şuranın yeni tərkibinin rəhbərliyində təmsil olunan gənclər barədə elə də geniş təsəvvürüm yoxdur. Təkcə, onu bilirəm ki, onlar bizim gələcəyimizdir və onu da əlavə edə bilərəm ki, gənclərə etibar etmək, geniş yol açmaq, rəhbər vəzifələrə irəli çəkmək borcumuzdur.
Ancaq, İctimai Şura vəzifə deyil, müvafiq sahə üzrə təcrübəyə və biliyə malik olan vətəndaşlarıın təmsil olunduğu və ictimai iştirkçlığı təmin etməli olan məşvərətçi təəssisatdır. Yəni, bu şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik olan məşvərətçi qurum rolunu oynayır”.
Nadir İsrafilov məsələ ilə bağlı şəxsi fikirlərini bildirib:
“O ki, qaldı mənim subyektiv mövqeyimə, şuranın gəncləşdirilməsi məqsədi güdülürdüsə, bunu üzvlərin say həddini 11 nəfərdən 9-a endirməklə deyil, əksinə onlara 4 nəfər əlavə edib, tərkibi 15-ə çatdırmaq yolu ilə də etmək olardı. Bu halda, təhsilimizin hər hansı bir əksiyi çıxmayacaqdı və yeni əlavə olunan gənclər özlərini daha inamlı və güvənli hiss edəcəkdilər. Nə isə, görünür belə məsləhət imiş. İstənilən halda yeni seçilən heyyətə təhsilimizin daha da inkişafı və qarşıya qoyulan hədəflərə çatmaq yolunda uğurlar arzulayıram. Keçmiş tərkibin iki illik təcrübəsinə istinad etməklə, yaranan boşluqların aradan qaldırılması, obyektiv və subyektiv səbəblərdən həlli mümkün olmayan vəzifələrin həyata keçirilməsi üçün onların hər cür imkanları var. Biz də öz növbəmizdə təhsilimizin təəssübkeşləri olaraq müraciət edilən təqdirdə yeni tərkibə dəstək verməyə hazırıq”.
Qeyd edək ki, seçkinin nəticələrinə əsasən, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti İctimai Birliyinin namizədi İlqar Orucov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin namizədi Mirzə Cəfərzadə, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin namizədi Günel Səfərova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin namizədi Etibar Əliyev, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin namizədi Məleykə Əlizadə, “Qarabağa dönüş” İctimai Birliyinin namizədi Gülməmməd Məmmədov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının namizədi Fuad Məmmədov və “YUVA” Humanitar Mərkəzinin namizədi Pərvanə Məmmədova Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv seçiliblər.