Mehriban Vəliyeva: Yeni dərs ilində tədrisin məzmununda yeni yanaşmalar mövcuddur
Bu gündən ümumi təhsil müəssisələrinin V-XI siniflərində əyani tədrisə başlanıldı. Əyani təhsilin davamlılığını təmin etmək üçün ilk növbədə mövcud karantin rejiminin qaydaları yerinə yetirilməlidir. Pandemiya dövründə mövcud olan boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində də addımlar atılır və bu proses davam etdiriləcək.
Bunu jurnalistlərə müsahibəsində yuxarı sinif şagirdlərinin ənənəvi təhsilə başlaması ilə bağlı 82 nömrəli tam orta məktəbdə tədris prosesinin təşkili vəziyyətilə tanış olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, müşahidələrə əsasən 82 nömrəli məktəb tam şəkildə tədris prosesinə hazırdır və şagirdlərin davamiyyəti yüksək səviyyədədir. Təhsil müəssisəsində bütün karantin rejimi qaydaları gözlənilməklə tədris prosesi davam etdirilir.
"Yeni tədris ilinin başlanması ilə bağlı həm məzmunda, həm də digər istiqamətlərdə yeni yanaşmalar var. Təhsil İdarəsi də yeni yanaşmaların tətbiq olunmasının icrası istiqamətində mütəmadi olaraq işlər görür və nəzarətdə saxlayır. Bu il ümumi təhsil məktəblərinin IX siniflərində "Zəfər tarixi”nin tədrisinə başladıq. Həmçinin Azərbaycan dilinin dövlət dili kimi tədrisi ilə bağlı tədbirlər planımız var. Qeyd edim ki, təhsil nazirinin müvafiq əmrinin icrası istiqamətində yeni tədris ilində atılacaq bütün addımlarla bağlı fəaliyyət istiqamətləri artıq müəyyənləşib. Bu istiqamətdə də keyfiyyətin artırılması, innovativ məktəb layihəsi həyata keçiriləcək. Hazırda Bakı məktəblərində 471 min 661 şagird təhsilə alır. Yeni tədris ilindən BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində V-XI siniflər üzrə 244 min 54 şagird təhsil alacaq. Bu şagirdlərə 28 mindən çox müəllim təhsil verir. Çalışırıq ki, karantin qaydalarına riayət olunaraq təhsil prosesi mütəşəkkil təşkil olunsun və davam etdirilsin”,- deyə M.Vəliyeva qeyd edib.