Dərs məşğələlərinin 15 gün geriyə çəkilməsinə ehtiyac var idimi...?
Hər sentyabr ayının 1-i günü yaxınlaşanda bir çoxları istər-istəməz nostalji hisslərə qapılaraq öz-özünə sual verir: "Görəsən, uzun illərdən bəri alışdığımız ənənəvi "Bilik günü”nü 15 gün geriyə çəkməklə nəyə nail olduq, bundan qazandımız və ya itirdiyimiz nə oldu? Axı, bu da milli ənənə olmasa da, uzun illərin sınağından çıxmış bir təcrübə idi…
Yəqin çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil Nazirliyinin ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı.
Bəzi saytların manşetə belə çıxardıqları "Azərbaycan təhsil sisteminə etiraz - Valideynlər ayağa qalxdı” kimi başlıqlı yazılar, "müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslar və sosial şəbəkələrdəki digər paylaşmalarda valideynlər təhsil müddətinə etiraz edirdilər. Hətta dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya belə hazırlanmışdı.
Petisiyada qeyd edilirdi ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar. Dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur? Xahiş edirik dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin. Petisiyanın bir çox yuxarı instansiyalara təqdim ediləcəyi nəzərdə tutulmuşdu. Bu yandan da Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı petisiyaya Milli Məclisin deputatı səviyyəsində dəstək belə gəlmişdi: "Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.”
Lakin ötən illər ərzində Təhsil Nazirliyi nədənsə, "Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004–cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əslanaraq, öz mövqeyində israrlı idi. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Nazirliyin cavabında o da vurğulanmışdı ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi özünə yer alırdı.
Bununla belə Təhsil Nazirliyinin əsaslandırdığı arqumentləri, məsələnin səmərəli həlli baxımından kifayət qədər yetərli hesab edilə bilməzdi. Əvvəla, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də, zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz.
Məsələn, bizim 6 yaşdan uşağı məktəbə gödərməyimizə rəğmən, dünya təhsilinə nümunə sayılan Finlandiyada uşaqları məktəbə 7 yaşdan göndərirlər və s. Bir də ki, buna qalsa DİM (Dövlət İmtahan Mərkəzi) heç dərs ilinin başa çatmasına məhəl qoymadan buraxılış və monitorinq imtahanları keçirir. Nə demək olar, bəlkə də "pioner” sözündən qıcıqlanıb uşaqlarımizı yay-istirahət düşərgələrindən məhrum etdiyimiz kimi belə hesab etmişik ki, 1 sentyabr da sovetdən qalma nümunədir,"zastoy” dövrünün nişanəsidir, nə bilim imperializmin qalığıdır, başqa bir müəmmadır və s. …
Yox, əgər beynəlxalq təcrübəni əsas götürürdüksə, bildiyim qədər dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır.Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da "Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə "Bilik günü” sentyabr ayının ilk bazar ertəsi yaxud cümə axşamına təsadüf edir və s.
Nazirliyin "hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə isə, hesab edirəm ki, iqlimlə əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki tempraturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də, belə bir əhval-ruhiyyəyə əsasən istəsək də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burda insana xas olan harmonal və digər prosesləri də nəzərə almaq lazımdır. Bir də ki, uzun illərin ənənə amili də var.
1 sentyabrın ilk dərs ilinin başlanğıcı, bilik günü kimi yaddaşlardan silinməsi üçün keçdiyimiz dövr kifayət etmir. Xeyli müddən öncə "Əlifba” dərsliyimizi "Ana dili” dərsliyi ilə əvəz ediyimizə baxmayaraq, məktəblərimiz bu gün də "Ana dili” deyil, "Əlifba” bayramı” keçirməkdə davam edirlər. Heç olmasa bu baxımdan da olsa digər ənənələrimizə hörmət və sayğı ilə yanaşdığımız kimi, təhsil ənənələrimizi də qoruyub saxlamağa çalışmalıyıq və buna borcluyuq.
"1 senyabr” ənənəsinin nə vaxtsa yenidən bərpa olunacağını, gec-tez belə bir addımın atıla biləcəyini istisna etmirəm. Niyə də etməyək. Hər halda növbəti səhvlərə bir daha yol verməmək üçün, heç olmasa keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır. Necə ki, təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan "İş dəftərləri”nin məcburi olmaması barədə, gec də olsa, qərara gəldik. Necə ki, şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik, necə ki, Qanun layihəsindən çıxarmaq istədiyimiz maqistrərə hərbi xidmətdən möhlət hüququ verilməsi müddəasını yenidən qanuniləşdirdik və s. Nəhayət, unutmayaq ki, təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işidir, ümummilli məsələdir. İctimai rəyi nəzərə almaq isə, Ölkə başçısı tərəfindən təsdiq edilmiş və Milli Məclis tərəfindən qəbul olunmuş "İctimai iştirakçılıq haqqında” Qanunun başlıca tələblərindən biridir.
Olan olub keçən keçib… Keçənə güzəşt deyiblər. Ancaq, deməyim odur ki, əgər bütün dövrlərə dair adət və ənələrimizə hörmətlə yanaşırıqsa, təhsil sahəsində qazandıqlarımızı "Sovet” və ya "Cümhuriyyət” dövrlərinə bölüb, bu ənənələrə biganə yanaşmaq ən yaxşı halda unutqanlıqdan başqa bir şey deyildir. Hələ müstəqilliyimizin ilk ilərində qəbul edilmiş, 15 iyun 1999-cu il tarixdə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi - "Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” - əsas və başlıca vəzifəmiz olmalıdır…