Uşaqlarda davranış pozuntuları nədir?
"Davranış pozuntusu” 6 aydan çox davam edən, təkrarlanan, davamlı, sosial normalara uyğun gəlməyən davranış nümunələrini ifadə edən termindir. Davranış pozuntusu uşaq psixiatriyasında ən çox rast gəlinən diaqnozlardan biridir. Uşaqlarda epidemiologiyası 5% təşkil edir. Bu pozuntunun gender asılılığı var – davranış pozuntularından daha çox oğlan uşaqları əziyyət çəkirlər.
Uşaqlarda davranış pozuntularının yaranma səbəbləri
Davranış pozuntularının inkişafı həm bioloji, həm də mühit təsirindən asılıdır. Tədqiqatçılar bildirirlər ki, davranış pozuntusunun inkişafında əsas yeri tərbiyə tutur. İrsi, psixofizioloji xüsusiyyətlər isə risk faktoruna aiddir. Uşaqlarda davranış pozuntuları aşağıdakı səbəblərdən yarana bilər:
Fizioloji proseslər. Hormonal disbalans,oyanma-tormozlanma prosesləri yanlış qavrama, həmçinin,metabolik pozuntular. Epilepsiya, uşaq serebral iflici də risk qrupuna aiddir.
Psixoloji xüsusiyyətlər.
Uşaqlarda davranış pozuntularının yaranmasına aşağıdakı faktorlar da təsir edir:
Emosional davamsızlıq;
Özünəgüvənin aşağı olması;
Əhval-ruhiyənin aşağı olması;
Valideynlərlə tez-tez konfliktə girmə;
Səbəb-nəticə bağlılığının yanlış qavranması;
Öz uğursuzluqlarına görə başqalarını günahlandırma.
Ailə münasibətləri.Uşağın davranış sindromları patoloji tərbiyə üsullarından, valideynlər arasında tez-tez baş verən münaqişələr fonunda da yarana bilər. Bu cür hallara bir və ya hər iki valideynin psixi xəstəliklərdən əziyyət çəkdiyi təqdirdə, onların əxlaqdan kənar həyat tərzi sürdükdə, patoloji asılılığı (narkotik, alkohol) olduqda rast gəlinir
Sosial münasibətlər. Uşaq bağçalarında, məktəblərdə təhsil-tərbiyə proseslərinin düzgün qoylmamaması, pedaqoqların əxlaqi dəyərlərinin aşağı olması, sisnif yoldaşları (qrup yoldaşları) arasında münaqişlər və s. uşaqlarlarda davranış pozuntularına səbəb olan sosial faktorlara aiddir.
Uşaqlarda davranış pozuntularının simptomları
Davranış pozuntularının üç əsas əlaməti var: böyüklərə tabe olmamaq istəyi, aqressivlik, antisosiallıq. Bunların əsasında ətrafdakıların hüquqlarını pozan, onların əmlakına, şəxsiyyətinə xələl gətirən aktivlik dayanır.
Davranış pozuntusu olan uşaqlar tez-tez böyüklərlə mübahisə edir, onlara acıqlanır, emosialarını kontrol edə bilmir, günahlarını başqasının üzərinə atmağa meyilli, küsəyən olurlar. Əksər hallarda başqasının əşyalarını dağıtmağa və sındırmağa can atırlar.
Kliniki simptomlara əhval-ruhiyənin aşağı, disforik olması, diqqət pozuntusu, narahatlıq və impulsivliklə müşayiət edilən hiperaktivliyi aid etmək olar.
Uşaqlarda davranış pozuntularının diaqnostikası
Uşaqlarda davranış pozuntularının diaqnostikası ilə uşaq psixiatrı məşğul olur. Müayinə kliniki metoda əsaslanır. Əldə olunan göstəriciləri dəqiqləşdirmək məqsədilə digər mütəxəssislərin (nevroloq, oftalmoloq), müəllim, hüquq mühafizə işçilərinin rəyləri toplanır.
Uşağın kompleks müyinəsinə aşağıdakı mərhələlər aiddir:
Kliniki söhbət. Psixiatr aqressivlik, antisosial davranışların ağırlığı, tezliyi və davametmə müddətini müəyyənləşdirir. Onların xarakter, istiqamət və motivasiyasını dəqiqləşdirir. Uşağın valideynləri ilə onun emosional vəziyyətini müzakirə edir.
Təqib etmə. Söhbətlərlə yanaşı həkim uşağın davranışını izləyir, onun valideynləri ilə münasibətlərini təhlil edir.
Psixodiaqnostika. Proektiv və sorğu metodları əlavə vasitə kimi istifadə edilir. Onların sayəsində dezadaptasiya, emosional-şəxsiyyət xarakteristikaları, həmçinin, aqressivlik, qəzəblilik, impulsiv davranışa meyillilik kimi xüsusiyyətlər aşkara çıxarılır.
Davranış pozuntularının müalicəsi uşaq psixiatrı tərəfindən aparılır. Daha ağır ifadə olunmuş formalarda dərman preaparatları istifadə olunur.