Sentyabrın 15-də Azərbaycanda məktəblər açılacaq. Artıq Nazirlər Kabineti də siniflər üzrə dərslərin hansı tarixlərdə başlayacağını təsdiqləyib. Təhsil Nazirliyi isə sentyabrın 8-nə qədər tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarını hazırlayıb hökumətə təqdim etməlidir. Yeni qaydalar həmçinin məktəblərdə yeməkxana, tibbi kabinet və soyunub-geyinmə otaqlarının fəaliyyətinin necə qurulacağına da aydınlıq gətirməlidir.
Report təhsil ocaqlarında yuxarıda qeyd olunan sahələrin fəaliyyətinin necə təşkil olunması ilə bağlı araşdırma aparıb.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev "Report”a açıqlamasında bildirib ki, onsuz da koronavirusla mübarizə tədbirləri çərçivəsində əməl olunması zəruri olan gigiyena qaydaları məlumdur: "Burada üç əsas prinsip var: tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi və əllərin yuyulması. Təbii ki, məktəblərdə də həmin tələblərə riayət edilməlidir. Hər kəs bilməlidir ki, COVID-19 hava-damcı yolu ilə keçir, qida ilə yox. Ona görə də məktəblərdə bufetlərin açılması böyük təhlükə törətmir. Amma şagirdlər sosial məsafə saxlamalıdırlar, bir-biriləri ilə təmasdan uzaq durmalıdırlar. Təbii ki, bu işlərə də məktəbin rəhbərliyi cavabdehlik daşımalıdır”.
Nəsib Quliyev
Baş pediatr övladı ibtidai siniflərdə təhsil alan valideynlərə müraciət də edib. Onun fikrincə, uşaqları məktəbə ac göndərmək olmaz: "Nəzərə alsaq ki, ibtidai siniflərdə dərslər saat 12-də bitir, o zaman məktəblilər səhər evdən ac çıxmasalar, günorta yeməyini də evdə yeyə bilərlər. İndiki vəziyyətdə bu, ən doğru addım olar. Odur ki, valideyn övladını evdən ac yola salmamalıdır”.
N.Quliyev şagirdlərin qoruyucu tibbi maskadan istifadəsini məsləhət görmür: "Çünki uşaqların çoxu maskadan istifadə qaydalarını düzgün bilmir. Ola bilsin, maska yerə düşdü və azyaşlı onu götürüb yenidən taxar. Odur ki, maskadan istifadə məqsədəuyğun deyil”.
Baş pediatr məktəblərdə soyunub-geyinmə otaqlarının istifadə qaydalarına da toxunub: "Əgər bu otaqlardan istifadə olunacaqsa, mütləq şəkildə həmin otaq hər gün dezinfeksiya olunmalıdır. Evdən forma geyinib gəlmək daha məsləhətlidir”.
Təhsil eksperti Kamran Əsədov "Report”a açıqlamasında deyib ki, təhsil ocaqlarında sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydaları əvvəlki dövrlə müqayisədə daha fərqli olmalıdır: "İlk növbədə, bütün məktəblərdə şagird və müəllimlər üçün ayrıca mətbəx, ərzaq anbarı fəaliyyət göstərməlidir. Hazırda 37% təhsil işçisinin risk qrupuna aid olduğunu nəzərə alsaq, onların eyni məkanlardan istifadəsi yolverilməzdir. Məktəb binasının həyətindəki oyun konstruksiyaları, istirahət guşələri də uşaqların istifadəsinə daha çox ayrılmalı və yaşlı müəllimlərin bu tipli yerlərə girişi məhdudlaşmalıdır”.
K.Əsədov əlavə edib ki, hər sinfin ayrıca soyunub-geyinmə (hər uşaq üçün ayrı qarderob) otağı olmalıdır: "Fiziki tərbiyə fənni bitdikdən sonra başqa sinfin müvafiq dərsi dərhal başlamamalıdır. Hər dərsdən sonra soyunub-geyinmə otaqları dezinfeksiya edilməli, havalandırılmalıdır. Aşağı sinif şagirdləri yuxarı sinif şagirdlərinin istifadə etdiyi soyunub-geyinmə otağından istifadə etməməlidir. Qarderob məsələsində xüsusilə diqqətli olmaq lazımdır. Koronavirusa yoluxan birinin geyiminə toxunma ola bilər. Məktəblərdə tibb otağında şagirdlərin vaxtaşırı müayinəsi və peyvəndlənməsi işi aparılmalı, təkcə şagirdlər məktəbə daxil olanda yox, hətta tənəffüs vaxtları belə temperaturları ölçülməlidir. Hər gün I,II və III sinif şagirdlərininin sağlamlıq vəziyyətlərini təhlil etmək lazımdır. Yaxşı olar ki, bu siniflər üçün ayrıca sanitar qovşaqlar istifadə edilsin”.
Xatırladaq ki, yaxın günlərdə Səhiyyə və Təhsil nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidemioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müəyyən edilib ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, sentyabrın 15-də ibtidai siniflərdə dərslər əyani formada bərpa olunacaq, V-XI siniflərdə isə onlayn qaydada dərslər keçiriləcək. V-IX sinif şagirdləri oktyabrın 1-də, X-XI sinif şagirdləri isə oktyabrın 15-də ənənəvi şəkildə məktəbə gələcək. Oktyabrın 1-dən isə məktəbəhazırlıq qruplarında tədris başlayacaq. Hökumətin tədrislə bağlı mövcud qərarı noyabrın 2-dək qüvvədədir. Təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir.