Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
Universitetdən verilən məlumata görə, yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələr tərəfindən edilən müraciətlərin çevik araşdırılması məqsədilə universitet rəhbərliyi, valideyn şuraları, tələbə gənclər təşkilatları və şuraları, mətbuat xidməti və ictimaiyyətin nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahına edilən müraciətlərə operativ yanaşma təmin edilib, onlayn formatda təşkil olunmuş magistr dissertasiyalarının müdafiəsi zamanı qiymətdirmənin nəticəsi ilə razılaşmayan magistrların, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında Yekun Buraxılış Dövlət Attestasiyasından keçən məzunların, ÜOMG-yə uyğun aparılmış aralıq qiymətləndirmə ilə razılaşmayan I-III tədris ili tələbələrinin onlayn şəkildə imtahan vermələrinə şərait yaradılıb. Qiymətləndirmənin nəticələrindən narazı qalan tələbələr universitet üzrə Apelyasiya Komissiyasına müraciət edə bilərlər.
Bildirilib ki, yaz semestrinin imtahan sessiyası müddətində magistr dissertasiyalarının ixtisaslaşdırılmış müdafiə şuralarında onlayn formada müdafiəsinin təşkili məqsədilə ayrılmış otaqlar texniki təchizat vasitələri ilə təmin edilib, magistr dissertasiyalarının onlayn formatda təşkil ediləcək müdafiəsini həyata keçirən ixtisaslaşdırılmış müdafiə şuralarının və Yekun Buraxılış Dövlət Attestasiya komissiyalarının tərkibi mümkün qədər yaşı 65-ə çatmamış müəllimlərin sırasından müəyyənləşdirilib.
Verilən məlumata görə, distant təhsilə qoşulmayan və qismən qoşulan tələbələr üçün 10 avqust-10 sentyabr 2020-ci il tarixlərində ödənişsiz onlayn icmal mühazirələrinin, məsləhət saatlarının və seminarların təşkil olunması, onlayn dərslərə tam şəkildə qoşulduqları seminarlarda iştirak etdikləri halda tələbələrin aralıq qiymətləndirilmədən azad olunması nəzərdə tutulub.
BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmrində, həmçinin təkrar ali təhsil alan II-III tədris ili tələbələrinin istisnasız olaraq 10 avqust – 10 sentyabr 2020-ci il tarixlərində təşkil olunacaq ödənişsiz onlayn dərslərdə iştirakının təmin edilməsi, onlayn dərslərə tam şəkildə qoşulduqları halda onların aralıq qiymətləndirilmədən azad olunmaları, həmin tələbələrin imtahan ballarının cari qiymətləndirmə ballarına bərabər tutulması, 1-2 akademik borcu olan məzunların akademik borclarının ləğv olunması, 10-14 sentyabr 2020-ci il tarixlərində tələbələrə fənni (fənləri) təkrar dinləmədən ödənişsiz qaydada kredit borclarını ləğv etmək imkanının verilməsi, yaz imtahan sessiyası üzrə cari və aralıq qiymətləndirmə ballarının cəmi 90-a bərabər olan tələbələrin yekun balının 91 bal hesab edilməsi də öz əksini tapıb.
Yaz semestrinin imtahan sessiyasında universitet rəhbərliyi tərəfindən tələbələrə yüksək güzəştlər edilməsi onlar tərəfindən razılıqla qarşılanıb. Distant təhsilə qoşulan tələbələrin imtahanaqədərki fəaliyyətinin nəzərə alınması, bütün tələbə heyətinin onlayn dərslərə qoşulması üçün universitet tərəfindən imkanların səfərbər olunması qarşıdakı tədris ilində tələbə və müəllimlərin distant tədris formasından daha səmərəli və sıx istifadəsi üçün ciddi motivasiya yaradır. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Qeyd edilib ki, imtahan sessiyasının iyulun 10-da başa çatdırılması, yeni şəraitə və müvafiq qaydalara uyğun olaraq, yaz semestri üzrə aralıq qiymətləndirmənin növbəti tədris ilinin başlanğıcınadək aparılması nəzərdə tutulub