Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə , aprelin 27-dən etibarən fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində fərdi tədris və repetitor xidmətləri də var.
Ancaq bir şərtlə ki, repetitor qrup halında məşğələlər aparmasın. Sonradan KİV vasitəsilə verilən məlumata görə isə məşğələlərdə 10 nəfər ola bilər.
Bəs bu qərarı müəllimlərimiz necə qiymətləndirir? Doğrudan da onların fəaliyyətlərini bərpa etməsinə şərait yaradılıbmı?
Müəllimlər ilə keçirdiyimiz sorğuda məhz bu sualımıza cavab tapmağa çalışmışıq.
Göygöl rayon Çaylı kənd orta məktəbinin dil və ədəbiyyat müəllimi Səltənət Qurbanova bu qərarın müsbət, hətta çoxdan verilməli bir qərar olduğunu düşünür:
"Təhsil aldıqları məktəbdə yiyələndikləri biliklə kifayətlənməyib, repetitordan dərs almaqla ali məktəblərə qəbul imtahanlarına hazırlaşanların sayı təkcə bizim ölkəmizdə deyil, dünyanın əksər ölkələrində artmaqdadır. Son illərdə repetitorluq intensiv xarakter alıb və artıq bunun qarşısını almaq üçün müəyyən addımlar atılmağa başlanılıb deyə düşünürəm. Amma bir gerçəyi də qəbul edək ki, repetitorluq təhsilin səviyyəsini yüksəldir. Sadəcə olaraq müəllimlər və valideynlər qəbul etməlidilər ki, repetitorluq dərsdənkənar həyata keçirilməlidir.
Yaxın günlərdə repetitorluq fəaliyyəti ilə bağlı verilmiş qərar, məncə, çoxdan həyata keçirilməli idi. Ona görə ki, repetitorluq məktəbdə verilən təhsilə mane olmamalı, şagirdlər yalnız dərsdən sonra qəbul edilməli, hansı fəndən ehtiyac varsa, ona əlavə kömək olunmalıdır.
Buna görə də repetitorluq fəaliyyətinin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, uşaqlar daha çox bilik qazanırlar və ya qazanmış olduqları biliyi daha da təkmilləşdirirlər. Mənfi tərəfi isə onlar orta ümumtəhsil məktəbindən yayınırlar. Yəni, məktəbə inam azalır. Ona görə də məktəb müəllimləri repetitorlar var deyə arxayınlaşmamalı, hər bir müəllim şagirdinə yüksək təhsili ilk öncə məktəbdə verməlidir.
Mənim fikrimcə, bu tək bu gün üçün deyil, gələcək üçün də düşünülərək verilmiş bir qərardır. Bəzi müəllimlər yanlış olaraq narahatdırlar. Amma bilməlidirlər ki, bu qərarın gələcək üçün faydası çoxdur. Bankdan kredit götürən zaman və ya təqaüdə çıxanda ödədiyimiz vəsaitlər bizə fayda gətirəcək. Nəzərə alsaq ki, bu gün xidmət göstərən və gəlir əldə edən hər bir şəxs vergi ödəyir, deməli, repetitorun vergi ödəməsi də qeyri-adi hal deyil”.
Lənkəran rayon Türkləncil kənd ümumi orta məktəbin coğrafiya müəllimi Faiq Şıxəlizadənin fikrincə, qərar onlayn imkanları olmayan şagirdlər üçün müəyyən fürsətlər yaratsa da, müəllimlər üçün vaxt itkisinə səbəb olacaq:
"Düşünürəm ki müəyyən qədər onlayn imkanları olmayan şagirdlər və müəllimlər üçün xeyirli olar. Amma ümumi olaraq, gözlənilən nəticəni və əvvəlki ilkin vəziyyəti yarada bilmir. Çünki müəllim bir otaqda indi təxminən 8-9 nəfər yığacaq və hazırlıq qrupu 2 hissəyə ayrılacaq. Nəticədə müəllim üçün vaxt itkisi yaranacaq. Müəllim tanıyıram ki, şagirdləri çağırmağa ehtiyat edir. Ya şagirdlərdən ona yaxud şagirddən şagirdə virus keçsə, hətta ehtimalı olsa, yenə böyük məsuliyyətdir.
İş yerim yaşadığım kənddən uzaq olduğu üçün və orda internet olmadığı üçün şagirdlərə hazırda hazırlıq keçmirəm. Öz kəndimizdə və qonşu kənddə 1-2 nəfər yaxın şagirdə ödənişsiz hazırlıq keçirəm”.
Tovuz rayon Göyəbaxan kənd orta məktəbinin dil və ədəbiyyat müəllimi Orxan Əhmədov isə bu qərarın sadəcə repetitorları vergiyə cəlb etməyin bir yolu olduğunu qeyd edib:
"Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 27 aprel 2020-ci il tarixindən fərdi tədris və repetitor xidmətləri ( qrup halında məşğələlər istisna olunur) bərpa olunub. Burda diqqəti çəkən bir məqam var. Səhiyyə Nazirinin müavini Vitali Qasımov bildirib ki, "10 nəfərə qədər ola bilər" . Yəni 10 nəfər qrup sayılmırmı? Kiçik və böyük qruplar var. Onları isə Elçin Əfəndi doğru şəkildə öz müsahibəsində qeyd edib. Verilən qərar repetitorluqla məşğul olan müəllimləri vergi ödəməyə çağırış xarakteri daşıyır. Çünki dövrümüzdə müddətli və müddətsiz müqavilə ilə işləyən müəllimlər, taksi sürücüləri, gözəllik və kişi salonları və s. vergi ödəyir. Amma fərdi və ya repetitorluqla məşğul olan müəllimlər (çox hissəsi) vergi ödəmir. Müəllim repetitor kimi fəaliyyət göstərirsə vergi ödəməlidir-deyə düşüncəsindən irəli gələn qərardır.
Qısası, əgər hansısa müəllim repetitor kimi fəaliyyət göstərmək istəyirsə, "icaze.e-gov.az" portalından qeydiyyatdan keçməlidir. Əgər qeydiyyatı yoxdursa, karantin dövründə fəaliyyət göstərə bilməz. Düşünürəm ki, repetitorluq fəaliyyətinə real davam edə bilən müəllim onlayn olaraq da hazırlıqlarına davam edə bilər. Bu zaman isə vergi ödəməz və cərimə edilməz.
Əsas sağlamlıqdır. Sağlamlığımızın qədrini bilək. Fikrimcə, rəsmi icazə verilsə də vəziyyət tam düzələnə qədər onlayn dərslərlə davam edilməlidir”.
Gədəbəy rayon Qızılqaya kənd ümumiorta məktəbin coğrafiya müəllimi Tural Topçuyev isə məktəblərin açılmadığı təqdirdə, fərdi repetitorların fəaliyyətinə icazə verilməsini düzgün hesab etmir.
"Ümumiyyətlə, ölkədə kurs, hazırlıq sistemi təhsilimizə bir "travma”dır. Mən özüm də repetitorluqla məşğul oluram. Yəni repetitor-müəllim kimi bunu qeyd edirəm ki, insan həyatının əsas yaddaqalan məqamı məktəb illəridir. Son illər şagirdlərin yetkinlik dövründə, dolayısıyla 9, 10, 11-ci siniflərdə məktəb sistemi tamamilə çökür. Biz nə qədər qadağalar tətbiq etsək də, şagirdlər məktəbdən yayınmağa çalışırlar.
Repetitorluqla bağlı ümumi bir qərara gəlinsə, mən bu fəaliyyətin olmamasının tərafdarıyam.
Həm də diqqət etsək, 90 faiz repetitor dövlətə və sosial müdafiə fonduna vergi ödəmir. Bunla bağlı dövlət nəzarəti də yoxdur.
Birmənalı olaraq, kurs sistemi elə təşkil olunmalıdır ki, dövlətin icazəsi ilə rəsmi sənədi də onlar versin, yəni şagird məktəbdə yox, orda oxusun, yekun qiymətləndirmə sənədini alsın. İndiki vəziyyətdə şagirdin sadəcə məktəbdə "adı gedir”. Məktəb sadəcə attestat vermək üçün bazadır. Şagird attestatı məktəbdən alacaq, kursda hazırlaşacaq və gedib universitetlərə qəbul olacaq. Belə bir gedişat, psixologiya formalaşıb.
Son qərarla da, ümumiyyətlə, razı deyiləm. Məktəblər açılmayıbsa, heç bir müəllimə dərs keçmək üçün icazə də verilməməli idi. Artıq çaşqınlıq yaradır. Kurslar , təhsil məkrəzləri məktəblər açılmır, amma fərdi repetitorluqla məşğul olan müəllimlərin yanına 10 nəfər şagird gedə bilir. Bu nə dərəcədə düzgündür?.
Ümumiyyətlə, sonda onu qeyd edim ki, istər televiziya, istər sosial şəbəkələr vasitəsilə kurslar, təhsil mərkəzləri barədə müzakirələr aparılmalı, yekun qərar verilməlidir, yoxsa Azərbaycanda təhsil sistemini düzəltmək mümkün olmayacaq. Son illər qəbul olan yüksək ballı tələbələr də "sovet təhsil sisteminin qalıqları” idi. Statistikalara bundan sonra nəzarət etsək, qəbulun, dolayısıyla təhsilin səviyyəsinin aşağı düşməsini görərik. Çünki repetitorlar, təhsil mərkəzləri birmənalı olaraq orta məktəbə zərbə vururlar”. azedu.az