Mədinə Abdullayeva: "64 yaşlı bir xəstəmin yatağından qalxdığı ilk anda əllərimdən öpdüyü zaman göz yaşlarımı saxlaya bilmədim"
Dünyanı bürümüş koronavirus pandemiyası bir çox ölkələrdə çoxsaylı maddi, iqtisadi itkilərlə müşayiət olunmaqdadır. Ancaq təhlükəli infeksiyanın ən böyük sarsıdıcı təsiri insan həyatına son qoymasıdır. Virusla mübarizənin ön cəbhəsində dayanan tibb işçilərinin böyük fədakarlığı sayəsində isə minlərlə insanı həyata qaytarmaq mümkün olub.
İlk gündən qlobal pandemiya ilə mübarizədə həkimlərimiz cəmiyyətdə humanizm və şəfqətin simvolu kimi ən yüksək dəyərlərə sahib olduqlarını nümayiş etdirirlər. Onların arasında xarici ölkələrdə təhsil almış gənc mütəxəssislərimizin olması və bu prosesə öz töhfələrini verməsi, həqiqətən də qürurverici haldır.
Söhbət konkret olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ali tibb təhsillərini xaricdə almış məzunlarımızdan gedir. Onlardan biri- Mədinə Abdullayeva ilə müsahibəni təqdim edirik.
Əvvəlcə onu ətraflı tanıyaq
Mədinə Abdullayeva Bakı şəhərində anadan olub. 1995-ci ildə 5 saylı kimya-biologiya təmayüllü Respublika baza liseyini əla qiymətlərlə başa vuraraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Tibb Universitetini 2002-ci ildə Kardioloq ixtisası üzrə bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2012-2017-ci illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetinin tibb fakültəsində İnfeksiyon xəstəliklər və kliniki mikrobiologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. 2018-ci ildən Özəl Ege Şəhər Xəstəxanasında infeksiyon xəstəliklər və kliniki mikrobioloq uzmanı olaraq işləyir.
Virusla əlaqədar bilmədiyimiz çox şeylər var
- Bu gün Azərbaycan pandemiya ilə mübarizə aparır. Siz də bu mübarizədə iştirak edirsiniz. Prosesdə iştirak etməyə necə qərar verdiniz? Bu sahədə öz missiyanızı necə görürsünüz?
- Azərbaycan dünyadakı ən yaxşı təcrübələri tətbiq edərək pandemiyanın qarşısını almağa çalışır. Bunun müsbət nəticələrini həm yoluxma hallarının sayının aşağı olmasında, həm də əhalinin maarifləndirilmə səviyyəsində görürük. Mən bu layihə haqqında eşidəndə, bir an belə düşünmədən müraciət etdim. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi məndən "Niyə bu layihədə iştirak etmək istəyirsiniz" deyə soruşduğunda, "Çünki mən azərbaycanlıyam"- dedim. Dünyanın hər hansı bir yerində olmağımdan asılı olmayaraq, əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, hər zaman əlimdən gələni etməyə hazıram.
-Hazırda pandemiya ilə mübarizədə yoluxma, sağalma tendensiyaları necədir? Çətinliklər nə ilə bağlıdır? Pandemiya ilə mübarizədə nələrə daha çox ehtiyac olduğunu düşünürsünüz?
- Hazırda dünyada 2,5 milyondan çox insan COVID-19 virusuna yoluxub, onlardan 190 mindən çoxu dünyasını dəyişib. Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabit və yoluxma halları azalmaqdadır. Bir çox ölkələrdə isə artım tendensiyası davam etməkdədir. Pandemiyaya daha çox məruz qalan bəzi ölkələrdə isə yoluxmanın təkrar artdığını görürük. Virusla əlaqədar bildiklərimiz məhduddur, bilmədiyimiz çox şey vardır. Tam effektiv müalicəsi və peyvəndi olmadığı üçün çox ehtiyatlı olmalıyıq. Əgər sosial izolyasiya, əl və tənəffüs gigiyenasına davam edilməzsə, virusun yayılması davam edə bilər.
Həyatımın ən duyğusal anı...
- Məlumdur ki, Türkiyədə Dövlət Proqramı çərçivəsində tibb təhsili almış azərbaycanlı gənclər də klinikalarımızda xəstəliklə mübarizəyə cəlb olunub. Onların fəaliyyəti barədə nə deyə bilərsiniz?
-- Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün hazırda Türkiyədə çalışan 19 azərbaycanlı həkim Azərbaycanın seçilmiş xəstəxanalarında layihə çərçivəsində çalışmaqdadır. Hamımızın məqsədi Azərbaycanın koronavirusla mübarizədən ən az zərərlə qalib çıxmasıdır.
- Xəstələrlə görüşəndə hansı hissləri keçirirsiniz? Onlara yanaşmanız necədir? Sağalmış xəstələrlə bağlı hansı məqam daha çox yaddaşınızda qalıb?
- Xəstələrin sağalması üçün əlimdən gələni edirəm. Burada önəmli məqam xəstələrın tibbi cəhətdən sağalması ilə yanaşı, psixoloji olaraq da sağalmasıdır. Çünki keçirdikləri virus infeksiyası səbəbindən uzun müddət cəmiyyətdən təcrid olunurlar. Bu təcrid zamanı münasibətdə olduqları insanlar yalnız tibb işçiləridir. Bu səbəbdən onlara bu mübarizədə tək olmadıqlarını, yanlarında olduğumuzu göstərməyə çalışırıq.
COVID-19-dan sağalan 64 yaşlı bir xəstəmin yatağından qalxdığı ilk anda önümdə diz çökərək əllərimdən öpdüyü zaman göz yaşlarımı saxlaya bilmədim. Bu an həyatımın ən duyğusal anı idi. Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm.
Xalqımıza tövsiyəm odur ki,qaydalara əməl etsinlər
- Ölkəmizin COVID-19-la mübarizə sahəsində imkan və potensialını necə qiymətləndirmək olar?
- Azərbaycan dünyadakı ən yaxşı təcrübələri tətbiq edərək pandemiyanın qarşısını almağa çalışır. Cənab Prezidentimizin başcılığı altında zamanında alınan tədbirlər virusun ölkəmizdə yayılım sürətini azaltdı. Yeni klinikanın qısa müddətdə koronaviruslu xəstələr üçün istifadəyə verilməsi, yerli maska istehsalına başlanması, ciddi iş rejimi, karantin rejiminin gücləndirilməsi kimi tədbirlər böyük işlərdir. Azərbaycanın koronavirusla mübarizəsi dünyada uğurlu bir nümunə kimi göstərilir.
-Bir həkim olaraq qənaətləriniz necədir: biz bu təhlükənin sonuna nə dərəcədə yaxınlaşmışıq? Vətəndaşlarımıza nə kimi tövsiyələriniz var?
- Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Bir il boyunca koronavirusla bağlı xəstələnmə hallarının davam edəcəyini düşünürəm. Aprelin 10-dan bu yana yoluxma sayında azalma görünür. Bu da bizi sevindirir. Amma yenə də tədbirli olmalıyıq. Nəzərə almaq lazımdır ki, virusun müalicəsi, ona qarşı peyvənd hələ yoxdur və o, hələ də təhlükəlidir. Lazımi tədbirlər görülməsə, virus yenidən alovlana bilər. Xalqımıza tövsiyəm odur ki, dövlətimizin koronavirusla mübarizə siyasətinə dəstək olsunlar, qaydalara əməl etsinlər. Lazım olmadıqca evdən çıxmasınlar; sosial məsafəni qorusunlar; əl və tənəffüs gigiyenasına riayət etməyə davam etsinlər…
Biz də pandemiya ilə mübarizədə soydaşlarımızın sağlamlığı keşiyində dayanan bu gənc həkimə fədakar əməyinə görə təşəkkürümüzü bildirir və ona bol uğurlar arzulayırıq!
Oruc MUSTAFAYEV